Türkiyə soruşdumu ki, bunu istəyirik, ya yox? – Aslanyan

Türkiyə soruşdumu ki, bunu istəyirik, ya yox? – Aslanyan

İndiki hadisələr Ermənistanın və ya Azərbaycanın günahı deyil, daha çox fövqəldövlətlərin yeritdiyi siyasətin və onların toqquşmasının nəticəsidir.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı Akop Aslanyan mediaya açıqlamasında deyib.

“Hər kəsə aydındır ki, Avropanın təklifləri Rusiya və Azərbaycan üçün, Azərbaycan, Rusiya və Türkiyənin təklifləri isə Ermənistan üçün qəbuledilməzdir. Bütün cavab budur”, – deputat vurğulayıb.

O iddia edib ki, guya Azərbaycan və Türkiyə Rusiyanın istəklərini “həyata keçirirlər”:

“Bunlar daha çox üçtərəfli istəklərdir. Rusiya nəyin bahasına olursa-olsun, Avropanı və ABŞ-ı buradan sıxışdırıb çıxarmağa çalışır, hesab edir ki, bu, onun təsir zonasıdır və burada qərar vermək hüququ var. Amma Rusiya unudur ki, Ermənistanın öz dövlətçiliyi var. Moskva Qərbi Ukraynadan, Moldovadan, Gürcüstandan sıxışdırıb çıxarmağa çalışır, indi də Ermənistandan. Bu, çar Rusiyasının psixologiyasıdır, deyirlər, bura onun təsir dairəsidir, başqalarının haqqı yoxdur. Rusiya bu ərazilərdə yaşayan xalqların və dövlətlərin istəklərini nəzərə almır. Rusiya və ya Türkiyə bizdən soruşdu ki, biz bunu istəyirik, ya yox? Bizim üçün ən yaxşısı nədir?

Bizim necə yaşamalı olduğumuza Rusiya hansı haqq ilə qərar verir? Xalqımız ölkəni xalqa uyğun vektorlarla aparan legitim hakimiyyəti seçib. Rusiyanın nə borcuna ki, biz kiminlə dost olmaq istəyirik?”

Aslanyan bildirib ki, Avropa demokratiya və insan azadlığı gətirir, Rusiya isə tiranlığı:

“Rusiya öz əhalisinə azadlıq və demokratiya vermir. Erməni xalqı artıq azadlığın dadını görüb və hiss edib”.

Teqlər: