Xəbər - Humay Ağacanova – Trend:
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 8 Noyabr – Zəfər Günü münasibətilə “Twitter” səhifəsində paylaşım edib.
AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:
“Dostun gəlişi bayram olar.
Yığılsın ozanlar
Çalsın sazlar
Bu gün Zəfər Günüdür”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.