Türkiyə Rusiya ilə Ukrayna arasında müharibə istəmir – Ərdoğan

Türkiyə NATO-nun üzvü olaraq Rusiya ilə Ukrayna arasında müharibə istəmir.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda gənclərlə görüşü zamanı deyib.

“Mənim Ukraynaya səfərim olacaq, burada yüksək səviyyəli strateji şuranın iclası keçiriləcək. Sonra cənab [Rusiya Prezidenti Vladimir] Putin bizə səfər edəcək. Təbii ki, bizim problemimiz Ukrayna ilə Rusiya arasındakı bu vəziyyəti həll etməkdir. Biz Rusiya ilə Ukrayna arasında hər kəsin daim danışdığı müharibəni istəmirik. Bu, region üçün pis əlamətdir. Biz NATO ölkəsi olaraq bunu istəmirik, bunu qəbul etmirik”, – deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezdenti ABŞ-la münasibətlər mövzusuna da toxunub: “[Rusiyanın] S-400-lər məsələsi Türkiyə ilə Rusiya arasında [münasibətlərdə] çox mühüm addımdır, bu sistemlər mühüm müdafiə sistemləridir”.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə razılığa gəlib və bu, NATO baxımından heç bir problem yaratmır, çünki NATO ölkələrinin hər biri silah əldə etmək barədə öz qərarını verir:

“ABŞ-dan elə məhsullar var ki, pulunu ödəsək də, təəssüf ki, ala bilmədik. Ən vacib cəhət [beşinci nəsil qırıcı] F-35-dir. ABŞ [bu mövzuda] danışıqlar prosesini ləngidir”.

Türkiyə prezidenti əlavə edib ki, onlarla bir çox sahələrdə birgə atdılan addımlar var:

“Bununla bağlı Müdafiə Nazirliyimiz qarşı tərəflə bu işi davam etdirir. Biz “F-16” qırıcılarını modernləşdirməklə bunu həll etməyə çalışacağıq”.

Teqlər: