Türkiyə Rizə-Artvin hava limanından Bakıya birbaşa reyslərin
açılmasını istisna etmir.
Bu barədə şənbə günü Trend-ə Türkiyə hökumətindən məlumat verilib.
Qeyd olunub ki, bu məqsədlə Türkiyə və Azərbaycanın müvafiq
qurumları arasında danışıqlar aparıla bilər.
“Rizə-Artvin hava limanının açılışı Türkiyə iqtisadiyyatı üçün
mühüm əhəmiyyət kəsb edir, çünki bu, onun beynəlxalq yükdaşımalarda
rolunu gücləndirəcək ki, bu da qardaş Azərbaycanın maraqlarına
uyğundur”, – Türkiyə hökuməti bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.
Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində
iştirak ediblər.
Təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun
aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci,
dünyada isə beşinci hava limanıdır.
Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə
yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava
limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton
daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri
aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə
xidmət edəcək.
Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni
hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı
dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına
malikdir.
Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı
Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni
layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək.