Xəbər - Elçin Mehdiyev – Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri əsl qardaşlığın nümunəsidr. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Türkiyə hər zaman Azərbaycanın yanında olmuşdur və torpaqlarımızın işğalda olduğu dövrdə ölkəmizin haqq səsinin ucalmasına beynəlxalq platformalarda dəstək vermişdir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Səfərin siyasi əhəmiyyəti haqqında danışan A.Badamov bildirib ki, Prezident Ərdoğan Şuşaya səfər etməklə dünyaya qardaşılğımızı və bir millət olduğumuzu bir daha sübut etdi: “Türkiyə dövlət başçısının bu səfəri Qarabağ torpaqları ilə bağlı revanşıst bəyanatlar yayan ermənilərə dəstək verənlərə bir mesajdır. Yəni bu o deməkdir ki, kimsə Azərbaycana təzyiq göstərməyə cəhd edərsə, söhbəti Türkiyə ilə edəcəkdir və Azərbaycan tək deyil deməkdir. Prezident Ərdoğanın Şuşaya səfəri regionda təhlükəsizliyin və uzunmüddətli sülhün bərqərar olmasına yol açacaqdır.
Səfər çərçivəsində bir çox sənədlər imzalanıb ki, bu sənədlərin adı Şuşa ilə bağlıdır. Məsələn Şuşa bəyannaməsi və ya Şuşa sazişi kimi tarixə düşəcək. Düşünürəm ki, imzalanan sənədlərin əhatə dairəsi çox genişdir. Bu bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə daha da çox yaxınlaşırlar.
İşğaldan azad olunmuş ərazilərin yenidənqurulmasında Türkiyə birinci yerdə iştirak edir. Düşünürəm imzalanacaq sənədlərin içərisində iqtisadi gəlirli birgə layihələr də yer alacaqdır. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Milli Qurtuluş Günündə Türkiyə Prezidentinin Şuşaya səfəri bayramımıza bayram qatmışdır. 1993-cü ilin 15 iyununda xalqın təkidi və tələbi ilə Ümumimilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycanı qurtuluşdan tərəqqiyə aparmışdırsa, bu gün Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmiz tərəqqidən zəfərə yüksəlib. 2021-ci ilin 15 iyunu isə Türkiyə və Azərbaycan Prezidentlərinin işğaldan azad olunmuş ərazilərimizə yenidən ruh qaytarılan günün başlanğıc tarixi kimi yazılacaqdır”.