Türkiyə ordusu Suriyanın şimalında sutka ərzində 50 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında genişmiqyaslı
antiterror əməliyyatı keçirir.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.

Əməliyyat Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşının atəşə
tutulması nəticəsində ölməsinə cavab olaraq başlayıb.

Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə davam edən
əməliyyat çərçivəsində ilkin məlumatlara görə, 50 silahlı
zərərsizləşdirilib.

Aprelin 22-də Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı
zonasında terrorçular polis məntəqələrindən birini tank əleyhinə
silahlardan atəşə tutublar, Türkiyə Daxili İşlər Nazirliyinin
xüsusi təyinatlısı Aytaç Altunors şəhid olub.

Bundan başqa, Türkiyə hərbçilərinin bir sıra digər ərazilərdəki
mövqeləri də atəşə tutulub.

Buna cavab olaraq Türkiyə ordusu terrorçuların hədəflərinə, o
cümlədən özüyeriyən silahlardan kütləvi artilleriya zərbəsi
endirib. Bundan sonra xüsusi təyinatlı dəstələri əraziləri
təmizləmək üçün irəliləyib.