Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Ukraynanın “Azov” qruplaşmasının komanda heyətini niyə Ankaraya səfər edən ukraynalı həmkarı Vladimir Zelenskiyə təhvil verdi, axı Rusiya ilə razılaşmaya görə onlar müharibə bitənə qədər Türkiyədə qalmalı idilər? Bu sual hər 3 ölkədə – Türkiyədə, Ukraynada və ən çox da Rusiyada müzakirə edilir.
AzerTimes xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu sualın iki cavab variantı səslənib:
“1. Türkiyə Cümhurbaşqanı ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun zirvə toplantısı ərəfəsində Ankaranın İsveçin təşkilata üzvlüyünün əleyhinə olmasıyla bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq istəyib; 2. Türkiyə Cümhurbaşqanının ukraynalı döyüşçüləri sərbəst buraxması Rusiya Prezidenti Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən “taxıl anlaşmasını” uzatmayacağı eyhamlarına cavabdır.
Daha çox müzakirə edilən bu iki cavab variantına ikisini də əlavə etmək olar: 3. Rusiya-Ukrayna müharibəsinin sonu görünmədiyinə görə Ərdoğan ukraynalı döyüşçüləri əbədiyyətə qədər “girov” saxlamağın doğru olmadığı qənaətinə gəlib; 4. Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb”.