Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri 9-20 may
tarixlərində Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun “Tiger Meet” təlimlərində iştirakdan imtina ediblər.
Trend xəbər verir ki, bu barədə “Anadolu” agentliyi
təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat
yayıb.
Məlumata əsasən, Türkiyə tərəfinin bu addım atmasına səbəb Yunan
tərəfinin iki ölkə arasında olan problemlər üzrə spekulyasiya etmək
üçün təlimlərin ssenarisinə texniki əlavələr daxil etməsi olub.
Ankara Afinanın hərəkətlərini qəbuledilməz və beynəlxalq hüquqa
zidd adlandırıb. Türkiyə tərəfinin təlimlərin ssenarisinə
əlavələrin ləğvi ilə bağlı təkidli tələbi rədd cavabı alıb. Buna
cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri aprelin
22-də Afinaya rəsmi olaraq “Tiger Meet”də iştirakdan imtina
etdiklərini bildiriblər.
Türkiyə Yunanıstan hakimiyyətinin NATO təlimlərindən siyasi
manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdlərini pisləyib.
“Yunanıstanın mövqeyi NATO çərçivəsində dostluq və əməkdaşlığı
gücləndirmək məqsədi daşıyan təlimlərin mahiyyətinə zərbə vurur.
Bundan başqa, Türkiyənin hüquq və mənafeyini pozmağa cəhdlər də
var”, – deyə mənbə bildirib.
Qeyd edək ki, “Tiger Meet” təlimləri ənənəvi olaraq NATO-nun
müxtəlif üzv ölkələrində keçirilir. 2005 və 2015-ci illərdə bu
təlimlər Türkiyədə keçirilib.