Türkiyə Kəşfiyyat Akademiyası yaratdı: Bakıya dəstəyi…

Türkiyə Kəşfiyyat Akademiyası yaratdı: Bakıya dəstəyi…

Türkiyədə ötən il fəaliyyətə başlayan Milli İstehbarat Akademiyası əsas fəaliyyətini kəşfiyyat, təhlükəsizlik və strategiya istiqamətlərində quracaq. Burada magistratura, doktorantura təhsili veriləcək, araşdırmalar aparılacaq və müxtəlif məsələlər üzrə strategiya hazırlanacaq, xarici siyasət üçün yeni yollar, perspektivlər açılacaq, prioritetlər müəyyən olunacaq.

Bu sözləri AzerTimes-a Milli İstehbarat Akademiyasının açılmasının məqsəd və fəaliyyət istiqamətləri barədə danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Akademiyanın açılması ilə qazanılacaq təcrübənin Azərbaycan başda olmaqla bütün türk dövlətləri ilə paylaşılacağını vurğulayıb:

“Artıq ilk elmi araşdırma “Dünyadakı ifrat sağcı hərəkətlər” adı altında yayımlandı. Akademiyanın fəaliyyətə başlaması ilə Türkiyə kəşfiyyat sahəsində öz iddialarını, təşəbbüslərini, nüfuzunu gücləndirir. Buradakı insanlar həm təhlükəsizlik bürokratiyasında, həm də kəşfiyyat sahəsində xarici siyasətin təhlükəsizliyə təsiri mövzusu üzərində işləyərək dövlətə istiqamət verəcək. Kursantlar kəşfiyyat, təhlükəsizlik, strategiya, regional fəaliyyət, kiber təhlükəsizlik, peyk sistemləri, süni intellekt, məlumat bazasının analizi və s. sahələrdə çox yüksək səviyyəli təhsil alacaq, sonra isə ortaya mükəmməl işlər qoyacaqlar. Aparılan elmi araşdırmalarla birgə bir sıra tətbiqi layihələr də gerçəkləşdiriləcək. Bu hadisə Türkiyə Respublikasının e.ə. 209-cu ildə qurulan ordusu ilə Anadoluda var olan min illik dövlətçilik ənənəsinin məntiqi nəticəsidir. Akademiyanın açılması qlobal güc olma, Türkiyə Yüzili və Türk Yüzili idealını reallaşdırma yolunda çox böyük addımdır. Əlbəttə, əldə edəcəyimiz təcrübə və qazandıqlarımız başda Azərbaycan olmaqla, bütün qardaş ölkələrimizə də güc verəcək, Türk Dövlətləri Təşkilatı çərçivəsində bilgi mübadiləsinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Akademiyanın açılması Qafqazda, Balkan ölkələrində, Liviyada, Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişəsində və Yaxın Şərqdəki proseslərdə, səmada və dənizdə ortaq gələcəyimiz üçün həyata keçirdiyimiz fəaliyyətlərdə gücümüzə güc qatacaq. Hamımız üçün xeyirli olsun”.

Qeyd edək ki, Türkiyə Milli İstehbarat Akademiyası 2023-cü ilin fevralın 9-da fəaliyyətə başlasa da, ictimaiyyətə bu yaxınlarda məlumat verilib.

Teqlər: