Xəbər - Samir Əli – Trend:
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağcı ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir C.Bağcını yeni səfir təyinatı münasibətilə təbrik edərək ona ölkəmizdəki diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.
S.Babayev Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlıqdan bəhs edib. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm tarixi Zəfərini qeyd edib. 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini vurğulayıb, bu dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
S.Babayev ölkələrimiz arasında əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafına nail olunmasında iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin xüsusi rola malik olduğunu vurğulayıb. O, ölkəmizin etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinin Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini deyib. Azərbaycan və Türkiyənin birgə səylərinin nəticəsi olan regional layihələrin regionda sülh, təhlükəsizlik və rifaha əhəmiyyətli töhfə verməkdə olduğunu bildirib.
İki ölkə arasında digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin daim genişlənməkdə olduğunu diqqətə çatdıran nazir bu məqsədlə ötən dövrdə imzalanmış əməkdaşlıq sənədlərini, Türkiyənin təşkilatları və QHT-ləri ilə daim güclənən əlaqələri qeyd edib.
Nazir ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə səfirə məlumat verib. Qarşıdakı dövrdə də Türkiyə ilə sosial sahədə əməkdaşlıq gündəliyinin genişləndirilməsinin daim diqqətdə saxlandığını vurğulayıb.
C.Bağcı bu gün Türkiyə ilə Azərbaycanın münasibətlərinin ən yüksək səviyyədə olduğunu, Azərbaycanın tarixi Zəfərinin Türkiyədə də böyük fərəh, sevinc, qürur hissi doğurduğunu qeyd edib. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın, dost olan digər ölkələr olmadığını bildirən səfir iki ölkənin sosial sahədə də əməkdaşlığının daim inkişaf etməsi üçün səylər göstərəcəyini bildirib.
Görüşdə iki ölkənin sosial sahədə əməkdaşlıq təcrübəsindən bəhs olunub və bu əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.