Türkiyə ilə daha bir sahədə əməkdaşlıq güclənir

Türkiyə ilə daha bir sahədə əməkdaşlıq güclənir

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Anadolu Mədəniyyətlər Muzeyinin müdiri Yusif Kıraçla görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə muzey sahəsində əlaqələrin genişləndirilməsi, Azərbaycan muzeyləri ilə əməkdaşlıq məsələləri və təcrübə mübadiləsi müzakirə edilib.

Tərəflər iki ölkə muzey rəhbərlərinin qarşılıqlı səfərləri və Türkiyədə muzey fondlarının reyestri sahəsində yeni yaradılmış onlayn Muzey İnventar Sisteminə Azərbaycan və digər türk dövlətlərinin muzeylərinin qoşulması barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycan və Türkiyənin arxeologiya sahəsində alimləri və tədqiqatçıları arasında görüşlərin keçirilməsi, arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim mədəniyyətlərə dair təqdimatlar və birgə elmi konfransların təşkili, eləcə də mədəniyyətə dair elmi mübadilə proqramlarının reallaşdırılması barədə də razılıq əldə olunub.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan MUES (Muzey Milli İnventar Sistemi) sisteminin əsas məqsədi bütün muzeylərdə olan əsərlər haqqında ətraflı məlumatların saxlanılacağı milli məlumat bankının yaradılmasıdır. Sistem süni intellekt vasitəsi ilə əsərlərə aid qazıntı sahələrindən laboratoriya proseslərinə, özəl muzeylərdən kolleksiyaçı əməliyyatlarına qədər məlumatları bazaya daxil edərək, əsərlər və muzeylər üçün milli və standart metadata modelini təmin edir.

Teqlər: