Türkiyə Ramazan bayramını daha təntənəli qeyd edir: 6 apreldən 14 aprelə qədər tətil elan edilmişdi, 10-13 aprel isə bayram günləri idi.
Bayram günlərində Türkiyənin şəhərlərində (Ankara, İstanbul, İzmir də daxil olmaqla) bütün ictimai nəqliyyat pulsuz idi – həm əhali, həm də turistlər üçün: metro, izban (şəhərdaxili və şəhərətrafı qatar), trolleybus, tramvay, gəmi, avtobus – hamısı, yalnız marşrut taksisi və taksilərdən başqa. Müxtəlif endirim, əyləncə kampaniyaları təşkil edilmişdi.
Türkiyədə sürətli bahalaşma
Son iki ildə Türkiyədə sürətli bahalaşmadan heyrətlənməmək olmur: minimum maaş da 5,5 min lirədən 17 min lirəyə qaldırılıb və bu, bütün sahələrə ciddi şəkildə təsir edib – ictimai nəqliyyat 2,5 dəfə, ərzaq və xidmətlər 2-4 dəfə, kirayə evlər 2 dəfə, geyimlər 2 dəfədən çox bahalaşıb. Turist cəlbi üçün kampaniyalar aparılır, güzəştli paketlər təklif edilir, ancaq ümumilikdə ciddi bahalaşma hər addımda hiss olunur. O qədər ki, Türkiyə istehsalı olan dərman 2 il öncə ilə müqayisədə tam 3 dəfə bahalaşıb. Qəribə də olsa, adını yazmaq istəmədiyimiz Türkiyə istehsalı olan dərman Bakıda 45 manata, Türkiyədə apteklərdə isə 52 manatadır. Bu paradoksu izah etmək çətin olsa da, reallıq belədir.
Qardaş ölkənin bizdən fərqi
Əgər “qarışqa kimi işləyir” ifadəsinin tam məzmununu anlamaq istəyirsinizsə, Türkiyəyə gedərkən ictimai həyata mütləq diqqət edin: şənbə-bazar, bayram günlərində sözün hər mənasında prospektlər, küçələr maşınlardan tam boşalır, böyük şəhərlərdə belə gün ərzində nəqliyyat hərəkətinin bir neçə dəfə (!) azaldığı müşahidə edilir. İnsanlar əsasən piyada gəzməyə üstünlük verir. Addımbaşı rast gəlinən kafe-restoranlarda boş yer tapmaq müşkülə çevrilir. Qətiyyən turistə görə deyil – türkiyəlilərin özü “dışarıda yeməyə” çox meyillidir.
Nəqliyyatın kəskin azalması şəhərlərin havasına da əhəmiyyətli təsir edir – şənbə-bazar, bayram, pik saatı olmayan, az qala gecə də tıxac yaşadığımız Bakıdan fərqli olaraq, istirahət və bayram günlərində Türkiyənin böyük şəhərləri sözün hər mənasında dincəlir, təmizlənir, havası gözəlləşir: ot qoxusu, gül ətri hər tərəfi bürüyür – əsl təsəvvür etdiyiniz oksigenli mühit yaranır. Yəqin bu səbəbdən insanın əhval-ruhiyyəsi də yüksəlir, gərginlik yox olur, psixoloji yorğunluq qeybə çəkilir, gecə rahat yatıb, quş kimi oyanmaqdan duyduğun həzz gününə sirayət edir.
Mədəniyyətimiz qardaş ölkədə də talanır
Azərbaycan mədəniyyəti, musiqisi çox mükəmməldir, ecazkardır və bunu ölkədən kənarda daha çox hiss etmək insana qürur verir. Ancaq min təəssüf ki, mahnılarımız qardaş ölkədə də talan edilir.
Müşahidə etdiyimiz Rəşid Behbudovun ifa etdiyi “Nazəndə sevgilim” (İslam səfərli, Andrey Babayev) və xalq mahnısı “Dilbərim” oldu. “Dilbərim” hətta küçə musiqiçiləri tərəfindən anonim də deyil, kürd mahnısı kimi təqdim edilir, kürdcə oxunur.
Yeri gəlmişkən, Azərbaycan mədəniyyətinə aid olan bir çox dəyərləri Türkiyə “kürd mədəniyyəti”nə bağışlayıb – Novruz ənənəsinə qədər. Son illərdə Novruzu qeyd etməyə cəhd göstərirlər, ancaq nə dövlətin bunda ciddi marağı var, nə də əhalinin.
Türkiyə ilə bağlı ciddi səhvimiz!
Türkiyəni qardaş ölkə sanıb, orda böyük təbliğat aparmamaq bizim ən böyük səhvimizdir. Ən irimiqyaslı diasporumuz da, böyük təbliğatımız da Türkiyədə olmalıdır: Türkiyə mediasına hansısa formada girməliyik, Türkiyə türkcəsində medialarımız olmalıdır, media qurumlarımızın Türkiyədə ofisləri açılmalıdır.
Nə yaxşı ki, “Haber Global” var və təsiri də kifayət qədərdir. Ancaq bir istiqamətdədir, genişlənməlidir, “sitələr” şəbəkəsi yaranmalıdır: blogerlər, yutuberlər Türkiyə türkcəsində informasiya, mədəniyyət kanalları açmalıdır və s.
Ərdoğan və komandasının, o cümlədən millətçilərin Azərbaycan sevgisi başımızın altına yastıq qoyub: sanırıq, bütün Türkiyə siyasiləri, ictimaiyyəti belə düşünür.
Qətiyyən belə deyil: Türkiyədə Azərbaycan əleyhinə inanılmaz bir kampaniya gedir – Türkiyə mediasına sızan türk ad-soyadlı ermənilər, yunanlar da daxil olmaqla, Ərdoğana müxaliflik edən siyasi kəsimin böyük hissəsi Azərbaycana qarşı təbliğata gen-bol imkan yaradırlar. Bu zaman çox ciddi şəkildə türklərin heysiyyatına toxunan üsullardan da məharətlə istifadə edirlər. Məsələn, guya Azərbaycan Türkiyəni aşağılayır; guya Azərbaycan varlandıqca və dünyada nüfuzunu gücləndirdikcə Türkiyəyə saymaz davranır; guya Əliyev Ərdoğandan başqa heç bir türk siyasi lideri tanımaq, görmək istəmir və s.
Bu yanlış təsəvvürləri düşmənlərin qardaş xalqın beyninə yeritməsinə imkan verməmək üçün çalışmaq lazımdır, həm də dayanmadan, durmadan.
Türkiyə müxalifəti ciddi şəkildə 2028-ci ilə hazırlaşır, Ərdoğan namizəd olmayacağını açıqlayıb (AKP-çilər bunun bir yolunu tapmağa və Ərdoğanın namizəd olmasına çalışırlar, alınıb-alınmayacağı sonranın işidir, bugünkü fakt başqadır), siyasi elitalarımız arasındakı bugünkü yüksək münasibətin bütün hökumətlərə ötürülməsi üçün biz də hazırlaşmalıyıq – həm də günü bu gün, sabaha saxlamaq gecikməkdir.
Çox böyük potensial var: Türkiyədə ümumilikdə Azərbaycana münasibət yaxşı mənada son illər xeyli dəyişib – 2020-ci il savaşı və 2023-ci il antiterror əməliyyatı qardaş ölkədə əhalinin bizə münasibətinə təsir edib. Türkiyəlilər Osmanlı varisləridir, ordu dövlətidir və ordu dövlətlərini sevərlər. Bu baxımdan Azərbaycan Ordusunun inanılmaza imza atması, analoqu olmayan şəkildə ölkənin ərazi bütövlüyünü təmin edib, separatizmi tam bitirməsi qardaş ölkədə də bizə sayğını çox-çox artırıb.
Həm də Türkiyənin şərqi tam-tamına bizim kimi danışır, ləhcələrinə qədər eynidir, Anadolunun şərqindən tutmuş İğdıra, Qarsa qədər, azərbaycanlı görəndə doğmalıq göstərib, “mən də azərbaycanlıyam, evimizdə sizin kimi danışırıq” deyə, sevgi görərsiniz. Ancaq bu sevgini zəhərləmək istəyənləri unutmaq olmaz.
Türkiyə cəmiyyəti yekcins deyil, bu gün əhəmiyyət vermədiyimiz əleyhimizə olan təbliğat sabah düşmənlərin arzusunun gerçəkləşməsi olar.
Bunu SOS kimi qəbul etməyiniz vacibdir: 2-3 il öncə Türkiyədə Azərbaycana qarşı bu qədər açıq təbliğata cəsarət edənlər çox az idi, indi sürətlə artırlar və cürətləniblər.