Türkiyə ilə Azərbaycan arasında yüksək zirvəyə çatmış münasibətlər inkişaf etməkdə davam edir – TƏHLİL

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi
keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda
iştirak ediblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər. Prezident
İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışındakı çıxışı yerli
sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Sevinc Hüseynova bildirib ki, Prezident İlham
Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir
daha göstərdi ki, Türkiyə ilə Azərbaycan arasında yüksək zirvəyə
çatmış münasibətlər inkişaf etməkdə davam edir.

“Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin
inkişafına hər iki dövlət liderlərinin rolu misildizdir. Vurğulamaq
lazımdır ki, Azərbaycan hər bir uğurunda Türkiyəni, Türkiyə isə hər
bir uğurunda Azərbaycanı yanında görmək istəyir. Hər iki ölkədə
əhəmiyyətli layihələr baş tutanda bu ölkə rəhbərləri həmin
tədbirlərdə iştirak edirlər.

Misal üçün, 2021-ci il 26 oktyabrda Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Füzuli Hava Limanının açılışında iştirak etməsi,
indi isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə hava
limanının açılışında iştirak etməsi bir daha onu göstərir ki, hər
iki qardaş ölkənin əhəmiyyətli layihələrdə də bir-birinin yanında
olması kimi gözəl bir tendensiya yaranıb”, – deyə deputat əlavə
edib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra azad edilmiş
ərazilərdə aparılan bərpa işlərinə cəlb olunan şirkətlər içərisində
də ən çox yer alan məhz Türkiyə şirkətləridir.

“Hava limanını inşa edən Türkiyə şirkəti də Qarabağda bərpa
işlərində iştirak edən şirkətlərdən biridir. Bu, bir daha onu
göstərir ki, qardaş Türkiyə xalqı azad edilmiş ərazilərin
çiçəklənən diyara çevrilməsində öz töhfəsini əzmlə yerinə yetirir.
Türkiyə ilə Azərbaycan arasında bu yüksək münasibətlər hər iki
ölkənin inkişafına töhfə verməklə yanaşı, türk dünyasında
əlaqələrin möhkəmlənməsinə xidmət edir, hətta mən deyərdim ki, bir
lokomotiv rolu oynayacaq”, – deyə deputat əlavə edib.

S.Hüseynova qeyd edib ki, dünyada qardaş xalqlar çoxdur, amma bu
qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ
deyil. Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir
nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir
nümunəsidir.

Milli Məclisin deputatı Cavid Osmanov da
AzerTimes-a bildirib ki,
Azərbaycan ilə Türkiyə arasında olan münasibət dünya üçün bir
nümunədir.

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman
bir-birinin yanında olub. “Həm çətin gündə, həm xoş gündə Türkiyə
və Azərbaycan bir-birinin yanında olub. Prezident İlham Əliyevin
Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir daha
göstərdi iki qardaş ölkə arasında əlaqələr əbədi və sarsılmazdır.
Dünyada bir çox qardaş xalqlar olsa da, belə münasibətləri olan
dövlətlər mövcud deyil.

Azərbaycan və Türkiyə hər zaman türk dövlətlərinin daha sıx
münasibətdə olmasına xidmət edən addımlar atıblar”, – deyə deputat
bildirib.

O qeyd edib ki, Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində
düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi.

“Tarixi Zəfəri ilə yeni reallıqlar yaratmaqla ölkəmiz regionun
ən vacib aktorlarından birinə çevrilib. Bunun fonunda Azərbaycanla
Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi iki qardaş ölkə
arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına səbəb
olub. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza
atıb. Eyni zamanda, qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın
başçılığı ilə dünyada sözünü deyən ölkələrdən birinə çevrilib.
Hazırda hər iki ölkədə bütün sahələrdə inkişaf müşahidə olunur”, –
deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları
müstəqil və milli maraqlara xidmət edən siyasət yürüdərək öz
dövlətlərinin inkişaf etməsinə tövfələrini verirlər. Eyni zamanda,
Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında
olan qardaşlıq münasibəti təkcə iki ölkə arasında deyil, bütün türk
dünyasında əlaqələrin inkişaf etməsinə böyük töhfə verib.

Teqlər: