Türkiyə iki illik şəffaflıq hesabatını verdi, həm də bu gün uzunmüddətli – “2053 net-sıfır emissiya” hədəfimizi açıqlayacağıq.
AzerTimes xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin ətraf-mühit, şəhərsalma və iqlim dəyişiklikləri nazirinin müavini Fatma Varank deyib.
“Əvvəlcə dost, qardaş ölkə Azərbaycanda olduğumuz üçün məmnunluğumuzu ifadə etmək istəyirəm. Ötən il Azərbaycanın COP-a ev sahibliyi edəcəyi açıqlananda ilk təbrik edən ölkələrdən idik. İqlim fəaliyyətləri çətin və dinamik bir prosesdir. Bunlar bizim üçün də, dünya üçün də, həqiqətən, böyük fəaliyyətlərdir. COP29-da Azərbaycan yetərli maaliyyə problemlərinin həlli üçün çalışmalara başlayıb. Bir il boyunca Türkiyə daim Azərbaycana dəstək oldu, həmişə də olacaq. Ümid edirəm ki, COP29 müvəffəqiyyətli olacaq. Burda veriləcək qərarlar dünyamızın xeyrinə xidmət edəcək. Qlobal isinməni 1.5 C-də saxlamağı bacara bilsək, dünyanı bizdən sonrakı nəsillərə yaşanabiləcək bir yer kimi əmanət edə bilərik, – deyə o qeyd edib.
Fatma Varank həmçinin söyləyib ki, Türkiyənin ən böyük fəaliyyəti enerji və kənd təsərrüfatı sahəsindəki hədəfləridir:
“Bu gün bu istiqamətdə hədəfləri açıqlayacağıq. Xüsusilə, bərpaolunan enerji səmərəliliyi mövzusunda vacib bir nöqtəyə gəlinib. Türkiyə şəhərsalma istiqamətində ciddi işlər aparan nadir ölkələrdən biridir. Bilirsiniz ki, biz seysmik zonadayıq, böyük zəlzələlər yaşamışıq. Bu bizim üçün, eyni zamanda, enerji səmərəliliyi ilə inşa edilən binalar deməkdir. Biz COP29-da iki illik müddətdəki təcrübələrimizi də bölüşəcəyik. Zəlzələdən sonra inşa edilən binaların enerji səmərəliliyi ilə bağlı da bir tədbirimiz olacaq. Ən böyük hədəflərimiz bunlardır”.