Türkiyə Fazil Mustafaya sui-qəsd cəhdini niyə tirajlamır?

Türkiyə Fazil Mustafaya sui-qəsd cəhdini niyə tirajlamır?

Millət vəkili Fazil Mustafaya qarşı terror hücumu ciddi hadisədir və təkcə Azərbaycan miqyasında deyil: istənilən ölkədə bir millət vəkilinin güllələnməsi olayı dünya mediasında dərhal tirajlanır – hətta bu, terror qruplaşmalarının hər gün qətliam törətdiyi ölkələrə də aiddir.

Fazil Mustafanın güllələnməsi olayı erməni və rus mediası da daxil olmaqla, yaxın ölkələrin mediasında yayılıb. Ancaq qardaş ölkə Türkiyə mediasına baxıram – böyük nəşrlərin demək olar ki, heç biri bu insidentə, terrora, sui-qəsd cəhdinə bircə cümlə də ayırmayıb.

Oysa Fazil Mustafa illərlə Türkiyədə yaşamış adamdır, Türkiyə siyasi çevrələrində kifayət qədər tanınır; Türkiyənin Azərbaycanda az qala 30 ildir lobbiçiliyini edir; Türkiyəni qarşılıqsız sevən deputatlarımız arasında ön cərgələrdə dayanan aydındır.

Həmən Fazil Mustafaya terror hücumu edilir, Azərbaycan mediası bir sutkadır bütün xəbərlərini bunun üzərində qurub – çünki bu hadisə bizim üçün fövqəladə bir haldır – Türkiyə mediası cınqırını çıxarmır.

Dünən gecədən bütün məşhur nəşrlərini izləyirəm – Tennesi ştatında bir quldurun məktəbə saldırması, Şakiranın göbək atması, 15 il öncə Britaniyada bir tələbənin qətli və yaxud İnstaqramda düşük dəyişiklik və s. kimi xəbərlər manşetdədir, ancaq qardaş Azərbaycanın millət vəkilinə sui-qəsd heç yerdə.

Əgər Türkiyədə bir millət vəkilinə qarşı bənzər olay baş versəydi, Azərbaycan mediası böyük həssaslıqla bu xəbəri nəinki manşetə daşıyar, həm də günlərlə gündəmdə saxlayardı və belə də edir. Hətta təkcə Türkiyədəki seçkilər, zəlzələ deyil, istənilən təbii fəlakət, ağır qəza da Azərbaycan mediasının diqqətində olur.

Məsələ onda deyil ki, oxucu bunu istəyir və media da Şakira və yaxud Kardaşyanın fotosunu verməlidir – zatən Azərbaycanda da Şakira xəbəri Türkiyədəki hansısa millət vəkilinin qəza xəbərindən oxucu üçün daha cəlbedicidir.

Məsələ informasiya məkanının birləşdirilməsidir; məsələ qardaş ölkələrdəki hadisələrin təqdimatı və oxucuları bu istiqamətə yönəltməkdir; məsələ ölkənin strateji və milli maraqları istiqamətində bütövlük təsəvvürü yaratmaqdır.

Halbuki bu sui-qəsdin Türkiyənin Qafqaz siyasətinə də birbaşa dəxli var; halbuki bu sui-qəsd cəhdinin arxasında dayananlar Türkiyənin milli maraqlarına da balta çalırlar və s.

Tarixən Azərbaycan türk dünyasının beyin mərkəzi, ideya qaynağı olub: türkçülüyün əsaslarından tutmuş TDT-yə qədər, bütün ideyaların generatoru Azərbaycan və azərbaycanlılardır.

İndi gərək qardaşlarımıza onu da izah edək ki, Azərbaycan mediası Hatayda bu gün də baş verən afterşokları niyə görə tirajlayır; gərək onlara başa salaq ki, Azərbaycanda istənilən şəxs təkcə Ərdoğanı yox, Çavuşoğlunu, Soylunu, Akarı, Fidanı, Qaraismayıloğlunu – az qala, bütün Nazirlər Kabinetini; İncəni, Kılıçdaroğlunu, Akşənəri, hətta Dəmirdaşı – az qala bütün müxalifəti; türkiyəli ekspertləri niyə yaxşı tanıyırlar.

Tanıtmışıq – ona görə; informasiya məkanını birləşdirməyə çalışırıq – budur səbəb!

“Turan” deyib, Sibirəcən yekə bir xəritəni özü ilə daşımaq şərt deyil, o xəritəni daşıyanın bu gün qalxıb, “millət vəkilim (məhz vəkilim) Fazil Mustafaya terroru şiddətlə qınayıram” deməsi gərəkdir.

Bir də: Hulusi Kılıçı aparıb, yerinə Cahid Bağçını “dikəndə” nəticə elə belə də olmalıydı – Bağçı Türkiyə səfirliyində keçirilən törənlərə “türkçü” deyirsən türkçü, “millətçi” deyirsən millətçi, “namaz qılıb, oruc tutan” deyirsən, ibadət əhli olan və İran şiəliyinə qarşı ümməti öndə görən Fazil Mustafanı dəvət etmir.

Britaniya səfiri ala-sabah Fazil Mustafaya qarşı teraktı pisləyib, amma Bağçının hələ reaksiyası yoxdur.

Belə…

Teqlər: