Erməni lobbisinin təzyiqi ilə platformada “Atatürk” serialının yayımından imtina edən “Disney Plus”a Türkiyədəki ermənilərdən böyük reaksiya gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Erməni Vəqflər Birliyinin sədri Bedros Şirinoğlu bildirib ki, Türkiyədə olan ermənilər belə düşünmürlər:
“Başqa yerlərdə belə düşünənlər ola bilər, amma Türkiyədəki ermənilər belə düşünmür və bu qərarı bəyənmir. Türkiyədəki erməni icması bu praktikanı demokratik mentalitet və ifadə azadlığı baxımından olduqca ziddiyyətli olaraq qiymətləndirir. Məlumdur ki, sənət və bədii istehsal ən çətin zamanlarda belə xalqlar arasında empatiyaya zəmin yaradır. Türkiyənin erməni icması şahiddir ki, sözügedən münasibət ölkəmizin dəyərlərinə və dövlətimizin zəmanəti altında birgə yaşamaq ənənəmizə uyğun gəlmir. Mən ABŞ-dakı erməni institutlarına, təşkilatlarına və beynəlxalq media qurumlarına məsuliyyətli davranmağa çağırışımızı təzələyirəm”.
AKP millət vəkili Sevan Sıvacıoğlu isə deyib ki, bu qərar Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və iki ölkə arasında dostluq əlaqələrinin irəliləməsinə mane olur.
Qeyd edək ki, “Disney” platforması erməni lobbisinin təzyiqi ilə “Atatürk” serialını efirə verməyib.