Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya bilər – Çavuşoğlu

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi
üçün bağlaya bilər, amma bu halda Rusiya bu boğazlardan öz
donanmasının bazaya qayıtması üçün istifadə etmək hüququna malik
olacaq.

Trend-in
məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu deyib.

“Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların
bağlanması ilə bağlı bizə rəsmi müraciət edib. Montre
Konvensiyasının müddəaları çox aydındır. Bugünədək Türkiyə
konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Türkiyənin
tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər
görülə bilər. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini
məhdudlaşdıra bilər. Amma Montre Konvensiyası həm də, müharibə
iştirakçı ölkələrinin donanmasının bazaya qayıtmasına icazə verir”,
– deyə nazir bildirib.


M.Çavuşoğlu əlavə edib ki, hazırda türkiyəli mütəxəssislər bu
məsələni təhlil edir və rəsmi qərar qəbul edildikdən sonra bu
proses başlana bilər.