Türkiyə hökuməti dekabr ayından etibarən xam neft daşıyan tankerlərin boğazlardan keçməsi üçün əlavə tələb tətbiq edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik məsələləri üzrə Baş İdarəsinin direktoru Ünal Baylanın hesabatında qeyd olunub.
Dekabrın 1-dən etibarən Ankara sığorta şirkətlərindən gəmini üçüncü şəxslərə, ətraf mühitə və ya yükə dəyən zərər, habelə gəminin istismarı zamanı cərimələr və müvafiq cəzalar kimi hallarda öz məsuliyyətini üzərinə götürmək üçün lazım olan “P&İ” sığortası ilə təmin etmək məqsədilə təsdiq məktubu tələb edəcək.
Bununla yanaşı, Türkiyə rəsmiləri naviqasiya planı (SP-1) haqqında hesabata sığorta şirkətindən gəmi, yük və səyahətin təfərrüatını bildirən məktubun əlavə edilməsini istəyəcək.
Lakin Türkiyə mətbu orqanları bu qərarın bir sıra çətinliklər yaradacağını bildiriblər. Çünki sığorta şirkətləri neft tankerlərinin neft çirklənməsinə görə cavabdehlik sığortası şəhadətnaməsinin olması səbəbindən belə məktubların verilməsindən imtina edə bilərlər.