Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi
Antoniu Quterreş arasında telefon danışığı olub.
Trend xəbər verir ki, Ukraynadakı hadisələrin müzakirə edildiyi
telefon danışığı zamanı BMT-nin baş katibi R.T.Ərdoğana Moskva və
Kiyevdə apardığı danışıqlar barədə məlumat verib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə həm Humanitar Təmas Qrupu, həm
də təxliyə və humanitar yardımla bağlı BMT-nin apardığı
tədqiqatlara maksimum dəstək verməyə hazırdır.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara Ukrayna və Rusiyanı
sağlam düşüncə ilə və barışıq əsasında hərəkət etməyə çağırır.
R.T.Ərdoğan əlavə edib ki, Ankara qətiyyət və səmimiyyətlə bu
böhranı aradan qaldırmaq, sülhə nail olmaq üçün səylərini davam
etdirəcək.
Türkiyə Prezidenti həmçinin BMT-nin baş katibini ad günü
münasibətilə də təbrik edib.