Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənir – Cahit Bağçı

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə-Azərbaycan arasında ticarət razılaşmaları həcminin 15
milyard dollara çatdırılması hədəflənir.

Bunu AzerTimes-ın
suallarına cavab olaraq Türkiyənin Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, 5 min türkiyəli iş adamının Azərbaycanda
qeydiyyatda olan şirkətləri var.

“Bunlar Azərbaycanda ticarətin, iş birliklərinin inkişafına
töhfə verir. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə
olan ölkələr sırasındadır. Türk iş adamlarının da bu sahələrdə
fəaliyyəti bizim üçün çox önəmlidir. Bakıda da bu sahələrdə çalışan
insanların sərf etdiyi əmək hər iki ölkəyə də ayrı-ayrı məqamlarda
töhfələr verir və verəcək. Türkiyə və Azərbaycan münasibətləri
köklü münasibətlərdir. İki ölkə arasındakı əlaqələr getdikcə
dərinləşir. İstər hərbi, istər energetika, istərsə də iqtisadi
əlaqələrimiz yüksələn xətlə inkişaf edir”, – deyə o qeyd edib.

Səfir, həmçinin bildirib ki, Türkiyə-Azərbaycan arasında ticarət
razılaşmaları hazırda 4 milyard dolları keçib.

“İki ölkə arasındakı ticarət anlaşmalarının həcminin 15 milyard
dollara çatdırılması hədəflənir. Azərbaycanın hər bölgəsində yeni
iş yerləri yaradılır. Aqrar sahədə, əczaçılıq sahəsində
investisiyalar üçün icazələr alınıb və yaxında bu sahədə də
yeniliklərə imza atılacaq. Eyni zamanda, enerji sahəsindəki iş
birlikləri getdikcə böyüyür”, – deyə o əlavə edib.

Teqlər: