Pandemiyaya baxmayaraq, keçən il iki ölkə arasında ticarət dövriyyəsi 5 faiz artaraq 4,6 milyard dollar olub.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Onun sözlərinə görə, iclasdan sonra imzalanan 138 maddədən ibarət protokol Azərbaycanın Qarabağda şanlı zəfərindən sonra Türkiyə və Azərbaycan Prezidentlərinin dünyaya verdiyi mesaja uyğundur.
“Məqsədimiz iki ölkə arasında ticarət dövriyyəsini 2025-ci ildə 15 milyard dollara çatdırmaqdır. Bu gün keçirilən toplantıda müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik. Türkiyə-Azərbaycan Sərmayə Fondu yaradılması, külək və günəş enerjisi, yataqların birgə işlədilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. 138 qərardan ibarət plan üzərinə razılaşma əldə etdik. Tərcihli ticarət anlaşmasının əhatə dairəsinin genişləndirilməsi barədə razılığa gəldik. Niyyətimiz gələcəkdə sərbəst ticarət sazişinin imzalanmasıdır” – deyə, F.Oktay vurğulayıb.