Türkiyə-Azərbaycan münasibətləri tarixə düşmüş qardaşlıq nümunəsidir – Tamam Cəfərova

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci ilin noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə qarşı nümayiş etdirdiyi mənəvi-siyasi dəstəyin dünyada heç bir vaxt analoqu olmayıb. Bu nöqteyi-nəzərdən Türkiyə-Azərbaycan münasibətləri tarixə düşmüş qardaşlıq nümunəsidir.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətlərinin qurulmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Səmimi dostluq və qardaşlıq təməlləri əsasında qurulan münasibətlərimizin təməlində ulu öndər Heydər Əliyevin söyləmiş olduğu “Bir millət, iki dövlət” fikirləri dayanır. Bu müdrik fikirlər zamanla öz təsdiqini tapıb və bu gün iki ölkə arasında olan münasibətlər özünün zirvə nöqtəsinə çatıb.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vaxtı ilə demişdi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

Tamam Cəfərova qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bununla da bir daha gördük ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Bu gün əminliklə deyə bilərik ki, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq, dostluq-qardaşlıq münasibətləri çərçivəsində uğrula inkişaf edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

Teqlər: