Trend və “Albayrak Media Group” arasında birgə yaradılan TURKIC.World (Türk Dünyası) layihəsinin işə salınması Türkiyə mətbuatında geniş işıqlandırılıb.
AzerTimes-ın məlumatına görə, ötən gün Bakıda Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group” birgə TURKIC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəni təqdim edib.
İlk dəfə həyata keçirilən lahyihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və ana dili dəyərlərini əsas götürərək türk dünyasının həmrəy platformasını yaratmaqdır. Layihə hər iki ölkədən xəbərlərin daha geniş miqyasda yayılmasını təmin edəcək.
Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə layihəsinin təqdimatı keçirilib (FOTO)
Qeyd edək ki, mayın 24-də Bakıda keçirilən təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, Türkiyənin və digər türkdilli ölkələrin səfirləri, diplomatlar, millət vəkilləri və digər qonaqlar iştirak edib.
Layihənin unikal proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir. Rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafı və təkmilləşməsinin əsasını təşkil edəcək. Türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.
Layihənin təqdimat mərasimi Türkiyə mətbuatında maraqla qarşılanıb və geniş işıqlandırılıb.