UEFA Millətlər Liqasında III turun son görüşləri keçirilib.
AzerTimes xəbər verir ki, turun axırıncı oyun günündə A, B və C Liqalarında 10 görüş olub.
A Liqasının 3-cü qrupunda İngiltərə evdə İtaliya ilə qolsuz, Macarıstan isə Almaniya ilə 1:1 hesablı heç-heçə edib.
4-c qrupda da Niderland Polşa ilə 2:2, Uels Belçika ilə 1:1 hesablı heç-heçəyə razı olub.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gəlib. Görüş nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Bu qrupun digər matçında İrlandiya evdə Şotlandiyanı eyni hesabla darmadağın edib.
3-cü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edibsə, Rumıniya Finlandiyaya minimal hesabla qalib gəlib.
C Liqasının 1-ci qrupunda Türkiyə yığması səfərdə Lüksemburqu da məğlub edərək, 3 oyundan 9 xalla vahid lider olub. Digər görüşdə isə Farer adaları Litvanı məğlubiyyətə uğradıb – 2:1.