Ağdam. Humay Ağacanova – Trend:
Türkiyə dövləti torpaqlarının işğaldan azad edilməsi prosesində Azərbaycana əlindən gələn dəstəyi göstərdi. Hazırda da bu ərazilərin dirçəldilməsində ən böyük dəstəkçi Türkiyədir.
Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri zamanı Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, 30 ildən sonra işğaldan azad edilən Ağdamda olmaq çox qürurvericidir: “Bizim şirkətlərimizn Ağdamın bərpasına verəcəkləri töhfə yalnız ticari fəaliyyət deyil, həm də öhdəlikdir. Dövlətimiz, millətimiz buranın əvvəlki günlərinə qayıtmasına dəstək olacaq. 1992-ci ildən bu yana burada həyatını itirən bütün azərbaycanlı qardaşlarımızı yad edirik. Ümid edirik ki, bura yenidən adı kimi Ağdam – “Ağ ev” olar və dünyaya bu formada elan edilər.”
Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdama səfər edib. Səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksi, Ağdam Dram Teatrının binasının qalıqları, Ağdam Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ziyarət edilib.