Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında
strateji tərəfdaşlıq əlaqələri çərçivəsində İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik
hüquqi şəxs (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE)
arasında razılıq əldə edilib.
Xidmətdən AzerTimes-a verilən
məlumata görə, anlaşmaya əsasən, AZSTAND ölkə ərazisində Türkiyənin
9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququna
malik olacaq.
Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən
milli standartarının ölkəmzidə tətbiqi, insanların həyat və ya
sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi və digər önəmli
sahələrdə həyata keçirilən tədbirlərin icrasına töhvə verəcək.
Eyni zamanda, standartların tətbiqi Azərbaycan Respublikasının
ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən
idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və
tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi
və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə
qəbul olunan normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi
fəaliyyətlərində istifadə olunacaq, keyfiyyət infrastrukturunun
inkişafına xidmət edəcəkdir.
Hər iki dövlət qurumu qarşılıqlı təcrübədən faydalanmaq və
ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun
qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.),
təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi
məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam
etdirəcəklər.