Türkiyə ölkədəki bir milyon suriyalı qaçqının könüllü olaraq
vətənlərinə qayıtmasına imkan verəcək layihə hazırlayır. Layihə
Türkiyə və beynəlxalq QHT-lərin dəstəyi ilə həyata keçiriləcək.
Trend yerli
KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan 12 türk QHT-si tərəfindən Suriyanın İdlib şəhərində
məcburi köçkünlər üçün tikilən evlərin istifadəyə verilməsi
mərasimində bəyan edib.
Dövlət başçısı qeyd edib ki, evlər 250 ayrı rayonda tikilib və
illərdir Suriyanın şimalında təhlükəsizlik zonalarında çadır
düşərgələrində məskunlaşan suriyalıların həyat şəraitini
yüngülləşdirməyə imkan verəcək.
R.T. Ərdoğanın sözlərinə görə, kampaniya çərçivəsində ümumilikdə
77 min evin tikilməsi planlaşdırılıb, onlardan 57 mindən çoxunun
tikintisi artıq başa çatıb.
Türkiyə prezidenti həmçinin digər ölkələrə göndərilmiş humanitar
yardımlar barəsində danışıb.
“Ötən həftə Türkiyədən Əfqanıstana 5 min ton humanitar yardım
aparan on qatar yola salınıb. Müharibə başlayandan isə Ukraynaya
100 yük maşını humanitar yardım göndərilib”, – dövlət başçısı
vurğulayıb.