TurkicWorld layihəsi sistemli və perspektivlidir – Əflatun Amaşov (MÜSAHİBƏ)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun
Turkic.World
layihəsinin fəaliyyətə başlamasının bir
ilinin tamam olması ilə bağlı AzerTimes-a müsahibəsi

– Bu layihənin bir il ərzindəki fəaliyyətini,
ümumilikdə, layihənin önəmini necə dəyərləndirirsiniz?

– Müstəqillik illərində Azərbaycanın türk dünyasına
konsolidasiyasını nəzərdə tutan bir sıra önəmli layihələr və
təşəbbüslər gerçəkləşdirilmişdir. Hesab edirəm ki, bu layihə və
təşəbbüslər yalnız milli şüur, milli kimlik və milli düşüncə
tərzinin türk soykökünə əsaslanması baxımından deyil, eyni zamanda,
ümumilikdə, türk dünyasının bir-birinə sıx təması nöqteyi-nəzərdən
vacib idi. Bu vacibiyyət həm də müstəqilliyimizin qorunub
saxlanmasına müstəsna ideoloji töhfə kimi də diqqət çəkib.
Yaşadığımız regionda baş verən müasir siyasi prosesləri, qlobal
dəyişiklikləri gözlərimiz önündə canlandırdıqda görürük ki,
müstəqilliyin saxlanılması üçün ortaya ciddi iradənin qoyulması hər
zaman vacibdir, özü də yalnız bizə yox, bütövlükdə dövlətçiliyini
qurmuş türk xalqlarının hər biri üçün.

Möhkəm iradə həm də möhkəm təməllər üzərində inkişaf deməkdir. O
da tam aydın olan həqiqətdir ki, türk dünyasının inkişaf
perimetrlərini müəyyənləşdirən iki başlıca güc var – Türkiyə və
Azərbaycan. Hər iki ölkənin media qurumları zaman-zaman dövlətlərin
qarşılıqlı əməkdaşlıq prioritetlərinə uyğun təşəbbüslər
reallaşdırıblar. Trend İnformasiya Agentliyi və Türkiyənin
“Albayrak Media Group”un birgə yaratdıqları “TurkicWorld” (Türk
Dünyası) adlı ilk rəqəmsal layihə bu təşəbbüslərdən ən sistemlisi
və perspektivlisidir.

Əvvəla, ona görə ki, layihə “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında”
Anlaşma Memorandumundan irəli gələn dərin fəaliyyət niyyətidir.
Yəni memorandum layihənin davamlılığı baxımından müstəsna
təminatdır. İkincisi, isə bu layihə media sahəsindəki əməkdaşlığın
konturlarının müasir dövrün tələblərinə uyğun qurulmasını,
informasiya mübadiləsinin qlobal transformasiyalar mühitinin
şərtlərinə uyğun aparılmasını bir növ, diqtə edən ümumtürk
platformasıdır. Belə yanaşma türk dünyasına vahid orqanizm kimi
baxılmanı daha sistemli şəkildə gerçəkləşdirməyə imkan verəcək.
Layihənin əhəmiyyətini, ilk növbədə, belə dəyərləndirərdirm.

– Bu layihə Türk dövlətləri arasına infomasiya
mübadiləsinin genişləndirilməsində nə kimi rol
oynayır?

– Layihə türk dövlətlərinin xalqları arasında informasiya
mübadiləsini şübhəsiz gücləndirəcəkdir. Ümumən, hesab edirəm ki,
türk dünyasının konsolidasiyası, türk birliyinin qlobal proseslərə
qarşı layiqli müqavimətinin olması reallığı indi əvvəlki
onilliklərdən daha çox dərk edilməkdədir. Hazırda bu dərkedilməni
ideoloji cəhətdən silahlandırmaq gərəkdir. “TurkicWorld” bunu
uğurla həyata keçirməkdədir. Yəni burada informasiya mübadiləsindən
daha çox ideoloji çalarlar diqqət çəkir.

Bəli, biz bilirik ki, türk dünyası bir olmalıdır. Amma
birliyimiz üçün əsas götürülməli məqamlar hansılardır, fikrimcə,
TurkicWorld
gələcəkdə mövcud istiqamətdə daha tutarlı addımlar atmaq üçün böyük
potensiala malikdir.

– Layihənin Azəbaycan həqiqətlərinin Türk dünyasına
çatdırılmasında əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan həqiqətlərinin dünya birliyinə ardıcıl şəkildə
çatdırılması mühüm əhəmiyyət daşımaqdadır. Biz cəmiyyət olaraq bu
ehtiyacı 44 günlük Vətən Müharibəsi dönəmində açıqca hiss edirdik.
Böyük ədalətsizliyə uğramışdıq. Şükür, torpaqlarımızı qaytardıq.
Ancaq yada salım ki, müharibənin davam etdiyi günlərdə ölkəmizi az
qala təcavüzkar kimi göstərmək meyilləri var idi.

Biz birlikdə bu mənfi tendensiyaya qarşı sipər çəkməyi bacardıq.
Əlbəttə, qarşımızda keçiləsi mühüm yollar var. Bu yollarda
informasiya dəstəyimizin olması son dərəcə əhəmiyyətlidir. Hesab
edirəm ki, “TurkicWorld” bizim üçün bu baxımdan da xeyli əhəmiyyət
daşımaqdadır.

– Bu kimi layihələr Azərbaycan mediasının beynəlxalq
informasiya məkanına inteqrasiyasına hansı töhfələr
verir?

– “TurkicWorld”, əslində, həm də jurnalistika ilə bağlı
peşəkarlıq tribunası kimi də diqqət çəkməkdədir. Biz öz
həqiqətlərimizi dünyaya nə qədər səlis və düşünülmüş şəkildə
çatdırırıqsa, dünya da bizi o tərzdə anlayır, qəbul edir, hörmətlə
yanaşır. Belə deyim, bu fəaliyyət həm də mədəni məcburetmədir və
elə bir prosesdir ki, onun müəyyən bir mərhələsində dünyanın bir
parçasına çevrilmə var. Bu baxımdan, “TurkicWorld”də təmsil
olunmaqla, aparıcı rol oynamaqla Azərbaycan jurnalistikası,
əslində, dünya media məkanına inteqrasiya yollarını genişləndirmə
üstünlüyü qazanır. Elə üstünlüklər var ki, onlar oturuşmuş xarakter
alır.

Biz çalışmalıyıq ki, “TurkicWorld” oturuşaraq həm də dünyanın informasiya
alternativinə çevrilsin. Yəni BBC, CNN və sair transmilli
korporasiyaların formalaşdırdıqları informasiya monopoliyasına,
həmin monopoliyanın yaratdığı beynəlxalq ictimai rəyə təsir
imkanları əldə etsin. Çünki bir çox hallarda o ictimai rəyin
ədalətsizliyini, böyük siyasi qüvvələrin ruporuna çevrildiyini
görürük. “TurkicWorld” buna qarşı çıxa bilən ədalətli media
platforması olma şansına malikdir. Mövcud istiqamətdə isə çox
çalışmaq lazımdır. Ötən bir ildəki fəaliyyət çox çalışmaq əzmi və
iradəsinin olduğundan xəbər verir, nikbinlik yaradır.

Teqlər: