Hazırda davam edən İsrail-HƏMAS savaşı kontekstində Türkiyənin əfsanəvi polkovniki, MHP-nin qurucusu, mərhum Alparslan Türkeşin vaxtilə yəhudilərlə bağlı dediyi sözlər sosial şəbəkələrdə paylaşılıb.
AzerTimes xəbər verir ki, Türkeş yəhudilərlə türk millətinin tarixi boyu heç zaman savaş etmədiyini bildirib.
“Tarix boyu yəhudi icmaları ilə münasibətlərimizdə heç bir pis hal olmayıb. İndi ərəblərlə olan münasibətlərə baxaq: Birinci Dünya savaşında ingilislər bizə güneydən – Fələstinə hücuma keçmişdilər. Biz – türk ordusu 3,5 il ingilislərə qarşı Qüdsü qoruduq. Bu sırada inglilslər Ərəb yarımadasına məşhur Laurensi göndərdilər və ərəbləri bizim əleyhimizə qaldırdılar. Ərəblər bizim əleyhimizə ingilislərlə müttəfiq oldu və türk əsgərlərini arxadan vurdular, Qüds ingilislərin əlinə keçdi. İngilis komandanı olan marşal Alemli Qüdsə, Əqsa məscidinə girdi, musalla daşının üstünə çıxdı və dedi ki, babalarımız olan xaçlıların ələ keçirmək üçün savaşdığı, qan tökdüyü Qüdsü kafir türklərdən bu gün biz qurtarmışıq, xristianlığa qazandırmışıq.
Bunu dediyi zaman qılıncını da havada oynadırdı. Bu sözləri ingilis komandan deyərkən, onun yanında müttəfiqləri olan ərəb əsgərləri vardı. Baxın, islamın ən müqəddəs məscidinin xristianların əlinə keçməsi üçün ərəblər onlarla müttəfiq oldular. Bizi arxamızdan vurdular.
Daha sonra eyni şeyi Şamda (Dəməşq) da etdilər. İslam mücahidi, böyük hökmdar Səlahəddin Eyyubinin türbəsinə gəldilər, orda da eyni sözləri dedi, yanında da ərəb əsgərləri…
Daha sonra bu ərəb liderləri bizim əsgərlərimizi arxadan vurarlar və yəhudi liderlərinə məktub yazarlar: “Sizinlə biz irq olaraq eyni kökdənik, inşallah, Fələstində bərabər olacağıq, bərabər yaşayacağıq”.
Beləcə Qüds və Fələstin bizim əlimizdən çıxdı. Ərəblərin ittifaqda olduqları ingilislər, fransızlar Qüdsə, Fələstinə yəhudləri yerləşdirdilər. Bizim zamanımızda (Fələstin Osmanlı imperiyasının daxilində olarkən – red.) ora bircə yəhudi addımını belə atmamışdı”, – Türkeş qeyd edib.
Eyni zamanda, Türkeş hazırda bütün beynəlxalq tədbirlərdə, qurumlarda ərəblərin yunanları dəstəklədiyini xatırladıb:
“Bunlar varkən bizim də özləri ilə birgə İsraillə düşmən olmağımızı istəyirlər. Biz onlardan dəstək görmürük, bizə dostluq-qardaşlıq göstərmirlər – BMT-də, digər beynəlxalq qurumlarda yunanlarla birgə qarşımıza çıxırlar. Türkiyə beynəlxalq qurumlarda yunan və erməni düşmənçiliyi ilə qarşı-qarşıyadır. Bunlar təsir edərək, yeni müstəqillik qazanmış Asiya, Afrika ölkələrini də bizə qarşı çevirmək istəyirlər”.
A.Türkeş 1991-ci ildə ABŞ Konqresinə təklif edilən qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini xatırladaraq, bu qanun layihəsinin yəhudi lobbisinin dəstəyi ilə Konqresdə təsdiq olunmasına imkan vermədiklərini bildirib:
“Yəni yunanların, ermənilərin bizə qarşı həyata keçirdiyi düşmənçilikləri yəhudilərlə anlaşmaq və dostluq ilə qarşılaya bilirik”.