Türkdilli dövlətlər arasında əməkdaşlıq güclənir: Azərbaycan birləşdirici rolunda…

Xəbər - Alpər Ziya – Trend:

Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsiə qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Bu görüşü, əslində, türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürü kimi qiymətləndirmək olar.

Məlumdur ki, sözügedən təşkitala 2019-cu ilin oktyabrından Azərbaycan sədrlik edir. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan sazişinin imzalanmasının 10-cu ilinə təsadüf edən və 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçmişdi. Ona görə də dünənki Zivə Görüşü Bakıda keçirilmiş VII Zirvə Görüşü, COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşündən sonra Azərbaycanın sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən 3-cü görüşdür. Bu isə Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqam kimi dəyərləndirilməlidir.

Azərbaycanın təşəbbüsü ilə COVİD-19-a həsr olunan ilk beynəlxalq tədbir

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın təşkilata sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərir.
Xatırlayırsınızsa, 2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Bu görüşü dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir idi. Həmin Zirvə Görüşündə Türk Şurasının Katibliyinə və üzv dövlətlərin müvafiq qurumlarına pandemiya və sonrakı dövr ərzində əməkdaşlığın daha da gücləndirilməsinə dair təlimatlar verildi. Bu təlimatlara uyğun olaraq Azərbaycanın sədrliyi altında üzv dövlətlərin iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, miqrasiya və turizm sahələrinə məsul olan nazirlərin görüşləri təşkil olundu. Görülən işlərin davamı olaraq, aprel ayında Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının, həmçinin Türk Şurasının Ticarət və Sənaye Palatasının Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.

Zəngəzur dəhlizi regionun nəqliyyat sektorunda böyük imkanlar yaradacaq

Üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin nəqliyyat sahəsi olduğunu nəzərə alaraq, Azərbaycan Türkiyədən Mərkəzi Asiyaya və əks istiqamətdə beynəlxalq yükdaşımaların pandemiya dövründə fasiləsiz həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Belə ki, 2020-ci ildə türkdilli ölkələrdən və əks istiqamətdə qeyri-neft sektoru üzrə 2.3 milyon tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu da 2019-cu illə müqayisədə 800 min ton və ya 52% çoxdur.

Bu baxımdan, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. “Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.

Azərbaycan Prezidenti: Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq

Prezident İlham Əliyev də dünın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bu məsələni xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, müharibə artıq başa çatıb, münaqişə tarixdə qalıb. Yeni imkanlar yaranıb:

”Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın sədrliyi dövründə göstərdiyi səylər və təşəbbüslər nəticəsində təşkilatın fəaliyyətinin, üzv dövlətlər arasında əməkdaşlığın pandemiya dövründə nəinki zəifləməsinin qarşısı alınıb, əksinə daha da gücləndirilib və yeni sahələrlə genişləndirilib. Şuranın dünənki zirvə görüşünün yekun bəyanatından da göründü ki, üzv dövlətlər birmənalı şəkildə Azərbaycanın gördüyü işləri dəstəkləyir və bundan sonra da dəstəkləyəcək…

Teqlər: