“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə
əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə
layihələrin icrasını davam etdirir. “Azərsu” ASC-nin daxili
imkanları hesabına Xəzər rayonunun Türkan qəsəbəsinin bir
hissəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
ASC AzerTimes-a verilən məlumata görə, Xəzər rayonunun Türkan
qəsəbəsində 2015-ci ilədək mərkəzləşdirilmiş içməli su şəbəkəsi
mövcud olmayıb. Əhali suya olan tələbatını əsasən quyu suları
hesabına ödəyib və ya içməli suyu maşınlarla alıb. Abşeron
yarımadasının içməli su təchizatında böyük payı olan Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və
Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi bir
sıra yaşayış məntəqələrində, o cümlədən Türkan qəsəbəsində
mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına imkan
verib.
Həyata keçirilən layihə çərçivəsində Zirə anbarından qəsəbəyə
4,2 km uzunluğunda magistral su xətti çəkilib. Türkan qəsəbəsinin
bir hissəsində paylayıcı şəbəkə yaradılaraq 2000-dən artıq evə
birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da həmin
ərazilərdə yaşayan sakinlər dayanıqlı və keyfiyyətli içməli su ilə
təmin olunub. 2022-ci ilin aprel ayından qəsəbənin Hüsü Hacıyev,
Yenikənd və Dənizkənarı küçələrində mərkəzləşdirilmiş içməli su
şəbəkəsinin yaradılmasına başlanılıb.
Ümumilikdə, yeni layihəyə əsasən Türkan qəsəbəsində 45 km içməli
su şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur. Artıq şəbəkənin 8
kilometrlik hissəsinin tikintisi yekunlaşıb. Tikinti-quraşdırma
işləri sona çatdıqdan sonra evlərə bağlantı veriləcək və sayğaclar
quraşdırılacaq.
Hazırda “Azərsu” ASC-nin daxili imkanları hesabına Türkan
qəsəbəsi ilə yanaşı, Binəqədi, Sabunçu, Binə və Badamdar
qəsəbələrində də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə
layihələr icra olunur.