Xəbər - İlhamə İsabalayeva – Trend:
Biz türk xalqları olaraq tariximizi, mədəniyyətimizi, mənəvi dəyərlərimizi bütövləşdirmək istiqamətində addımlar atdığımız kimi, eyni mənbədən qaynaqlanan faciələrimizi də birləşdirib ortaq bir “Türk xalqlarının soyqırımı” anım gününü təsis edərək rəsmi şəkildə hər il bütün türk dünyasında qeyd etməliyik.
Bunu AzerTimes-a AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı deyib.
Onun sözlərinə görə, istər çar Rusiyası dövründə, istərsə də sovet Rusiyasının hakimiyyəti illərində türk xalqları yüz minlərlə insan itkisinə məruz qalıb, türk etnosunun mənəvi və mədəni həyatı yox olmaq təhlükəsi ilə üzləşmişdi. XIX əsrdən etibarən Cənubi Qafqaza – Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər, bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan və gerçək tarixdən tamamilə uzaq olan sərsəm “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd ediblər. Mahiyyətini və sosial xarakterini terrorizm prinsipləri təşkil edən “panarmeniya” ideologiyasını gerçəkləşdirmək təşəbbüsləri on minlərlə türk və müsəlman əhalisinin soyqırımına səbəb olub, ermənilər və onların himayədarları çox sayda günahsız türk-müsəlman əhalinin ölümünə bais olublar:
“1914-cü ildən başlayaraq Şərqi Anadoluda Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər kütləvi şəkildə cinayətlər törədiblər. Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində on minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilib. Türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımları sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (BOA) qorunub saxlanılır. Arxivdən əldə olunan sənədlərdəki faktiki materiallar sübut edir ki, təkcə 1918-1920-ci illərdə ermənilər Şərqi Anadolu (Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.), on minlərlə dinc, silahsız türk-müsəlman əhalini, o cümlədən uşaqları, qadınları, məhz türk olduğuna gprə amansızlıqla qətlə yetiriblər. Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30.000 əliyalın əhalini öldürüb”.
Alim qeyd edib ki, dövrün qaynaqları 1905-1906-cı illərdəki qətliamlar nəticəsində Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin öldüyünü göstərir.
M.Ağalarlı bildirib ki, 1916-cı ildə Çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirilib. “Ürkün qətliamı” adı ilə tarixə düşən bu faciədə 100 min nəfər qırğız türkü çar Rusiyası tərəfindən soyqırıma məruz qalıb. Soyqırım siyasətinin davmı olaraq 1918-1920-ci illərdə ermənilər on minlərlə azərbaycan türkünü də qətlə yetirmişdir. AXC dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülüb, onların çoxunun meyitləri tapılmayıb. Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər, Lənkəranda 2 000 nəfər, İrəvan quberniyasında 132 min azərbyacanlı qətlə yetirilib.
M.Ağalarlı əlavə edib ki, rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, ermənilər tərəfindən 1918-1919-ci illərdə Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 nəfər qətlə yetirilib. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə öldürülüb. 1927-1933-ci illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilmiş qazax türklərinin kütləvi şəkildə məhvi prosesi baş vermişdir. Arxiv sənədlərinin verdiyi məlumatlar görə, 1927-1933 –cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatmışdır. Bu dövrdə məhv edilən qazax əhalisi Qazaxıstanın ümumi əhalisinin 54 faizinə bərabər idi:
“Dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930 –cu illərdə türk dünyasında ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik-daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ortaq dil, dünyagörüş, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan türk xalqlarını, təəssüflər olsun ki, eyni zamanda ortaq faciə – soyqırım faciəsi də birləşdirir. Xüsusilə XX əsrdə çar Rusiyası və bu imperiyanın siyasi varisi olan sovet Rusiyası zaman –zaman hərbi-siyasi alət kimi istifadə etdikləri erməni ünsürləri ilə birlikdə milyonlarla türk-müsəlman əhalisini qətlə yetirərək soyqırım siyasəti həyata keçiriblər. Əgər biz türk dünyasında baş verən bu qətliam hərəkətlərini qan yaddaşımıza həkk edərək gələcək nəsillərə ötürməsək, bu faciələr yenidən təkrarlana bilər. Türk dünyasında belə qanlı soyqırımların təkrarlanmaması naminə eyni mənbədən qaynaqlanan faciələrimizi birləşdirərək ortaq bir “Türk xalqlarının soyqırımı” anım gününü qeyd etməliyik”.