Türk Şurasının beynəlxalq nüfuzu artır – Azərbaycan türk dünyasının birləşdiricisi kimi…

Xəbər - Alpər Ziya – Trend:

Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi ölkəmizin regionda və dünyada olan nüfuzunu daha da artırmaqla yanaşı, ona olan etimadı dəfələrlə yüksəltdi. Xüsusən də İslam və türk dünyasında Azərbaycana olan rəğbət özünü çox açıq formada göstərdi. Bunu bu günlərdə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində keçirilən mətbuat konfransıda, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin bu gün Bakıda keçirilən 3-cü toplantısı da görmək mümkün idi.

Hər iki mühüm tədbirdə Azərbaycanın qələbəsi xüsusi vurğulandı və bunun həm də İslam dünyası və Türk dünyasının qələbəsi olduğu qeyd edildi. Nəticə etibarı ilə Azərbaycan həm İslam, həm də türk dünyasının birləşdiricisi rolunda çıxış etdi.

Beləliklə, Azərbaycan artıq regional, xüsusən də türk dünyası arasında kommunikasiyaları düşünən və bunun üçün konkret əməli addımlar atan bir ölkəyə çevrilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı dedi ki, Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etditilməsi istiqamətində bütün işləri görür. Onun sözlərinə görə, türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.
Toplantıda çıxış edən digər işrirakçılar da bu məsələdə Azərbaycanın xüsusi rolunu qeyd etdilər və türk dünyası arasında koordinasiyanın vacib olduğunu bildirdilər. Türk Şurasının Baş katibi Bağdad Amreyev türk dövlətləri olaraq, Azərbaycanla həmrəyliyini ifadə etdi, bildirdi ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Onun sözlərinə görə, türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır. “Türkdilli ölkələrin media qurumları arasındakı ələqələrin inkişafı etdirilməsi prioritet istiqamətlərdən biridir. Biz Qarabağ müharibəsi dövründə gördük ki, türk mediası bu məsələnin işıqlandırılmasında fəal iştirak etdi. Biz bundan sonra da birgə səylər göstərməliyik” – deyə, o qeyd edib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə bildirdi ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda media sahəsində əlindən gələni etdi: “Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Türkiyə ilə Azərbaycam arasında yaradılmış media platforması önəmli bir örnək təşkil edir. Biz türkdilli dövlətlər bu plaftomanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq.

F.Altun əlavə edib ki, bu gün dünyada olan təhdidlərdən biri də rəqəmsal faşizmdir: “Rəqəmsal faşizimlə mübarizə aparmaq olduqca vacibdir. Biz rəqəmsal faşizmlə mübarizə istiqamətdində lazımi addımları atmağa başladıq. Türkdilli ölkələr olaraq media platformasında səylərimizi birləşdirməli və rəqəmsal faşizmə qarşı da birgə mübarizə aparmalıyıq”.

Beləliklə, bu cür mühüm toplantıların getdikcə intensivləşməsi Türk dünyasını bir-birinə daha da yaxınlaşdırır və qarşıya çıxan çətinliklərin birgə asanlıqla dəf edilməsinə imkan yaradır. Belə olan təqdirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əhəmiyyəti xüsusilə önə çıxır. Şübhə yoxdur ki, getdikcə təşkilatın beynəlxalq nüfuzu da artmaqdadır. Bu işdə digər üzv ölkələrlə yanaşı, Azərbaycanın da xüsusi rolunu qeyd etmək lazımdır. Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçib. Azərbaycan tərəfi Türk Şurasına sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl səylər göstərir. 2020-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə üzv ölkələrin dövlət başçılarının COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə iclası keçirilmişdir ki, bu iclas beynəlxalq təşkilatların pandemiyaya həsr olunmuş və dövlət başçıları səviyyəsində keçirilmiş ilk iclası idi.

Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın təşkilata sədrliyi dövründə indiyə kimi nəqliyyat, səhiyyə, iqtisadiyyat, gömrük, miqrasiya, energetika və turizm sahələrində məsul nazirlərin iclasları təşkil olunmuşdur.

Türk Şurası çərçivəsində əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biri də informasiya və media sahəsində əməkdaşlıqdır. Türk Şurasının 2014-cü ilin iyun ayında Bodrumda keçirilmiş IV Zirvə Görüşündə təşkilat çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq prosesinin başladılmasına dair dövlət başçıları tərəfindən verilmiş göstərişə uyğun olaraq, 2015-ci ilin avqust ayında Astanada Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 1-ci toplantısı keçirilib. Şuranın 2015-ci ilin sentyabrında Astanada keçirilmiş V Zirvə Görüşünün mövzusu informasiya və media sahəsində əməkdaşlıq olub. 2019-cu ilin may ayında Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçirilib. Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş VII Zirvə Görüşünün yekun Bəyannaməsində informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, milli televiziya kanalları və xəbər agentlikləri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Beləliklə, Azərbaycanın Türk Şurasına sədrliyini nəzərə alaraq, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının 10 aprel 2021-ci ildə məhz Bakıda keçirilməsi qərara alınıb.

Teqlər: