Türk Şurası hazırda ən fəal dövrünü yaşayır – TƏHLİL

Xəbər - Humay Ağacanova – Trend:

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşü keçirildi.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə müşahidəçi ölkə Macarıstanın Baş naziri Viktor Orban iştirak etdi. Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov da müşahidəçi nümayəndə status ilə sammitə ilk dəfə qatıldı.

“Elektron dövrdə yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə etdilər. Sammitdə təşkilatın fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar qəbul olundu, o cümlədən Türk Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verildi.

Həmçinin, quruma sədrliyin Azərbaycandan Türkiyəyə keçdiyi Zirvə Görüşündə dost və qardaş ölkələrlə bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Trend-ə açıqlaması zamanı bildirdi ki, Türk Şurası hazırda ən fəal dövrünü yaşayır.

“Ölkəmizin Türk Şurasına sədrlik dövrü həm pandemiya, həm də 44 günlük İkinci Qarabağ müharibəsinə təsadüf etdi. Hər iki məqamı nəzərə alsaq, düşünürəm ki, belə həssas bir zamanda Azərbaycan sədrliyini çox uğurlu bir şəkildə başa vurdu” – deyə, o qeyd edib.

İ.Vəlizadə, həmçinin bildirib ki, indi Türk Şurası üçün yeni reallıqlar, yeni imkanlar açılır

“Füzulidə Beynəlxalaq Hava limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizi, Qarabağda aparılan genişmiqyaslı quruculuq-bərpa işləri Türk Şurası, türk əməkdaşlığı üçün önəmlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dost, qardaş ölkələri bu proseslərə qoşulmağa dəvət edir. Çünki onlar da bu yeniliklərdən bəhrələnə biləcək. Yeni kommunikasiyaların açılması, eyni zamanda türk dövlətlərini bir-biri ilə qovuşdurur, əlaqələri daha sıx edir” – deyə, politoloq bildirib.

Politoloq Ceyhun Əhmədlinin sözlərinə görə, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türkdilli dövlətləri ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birləşdirir ki, bu da ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığı üçün bazis rolunu oynayır.

“Azərbaycan türkdilli ölkələr arasında güclü siyasi təşkilatlanmanın hər zaman tərəfdarı olub və bu prosesdə lokomotiv rolunda çıxış edib. Nəzərə alaq ki, türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə yaradılıb. Başqa sözlə, təşkilatın fəaliyyətində yeni inkişaf yolu öz başlanğıcını Naxçıvan sammitində götürüb. Həmin zirvə toplantısında Prezident İlham Əliyevin ifadə etdiyi fundamental fikirlər bu gün Türk Şurasının inkişaf strategiyasının əsas konturlarını təşkil edir” – deyə, o qeyd edib.

Politoloq bildirib ki, Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik edib. Sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə böyük töhfələr verib.

“2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədirliyi üzərinə götürüb. Azərbaycanın sədirliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi.

Azərbaycanın Türk Şurasına sədirliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə ediblər. Əminliklə deyə bilərik ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.

Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəklənib, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verilib.

Türk Şurası heyətinin 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalan Gəncə şəhərini ziyarət etməsi diqqətəlayiq hadisədir. Eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilən Ağdam və Füzuli rayonlarını ziyarət edib, ərazilərimizdə onilliklər ərzində törədilən vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış olublar. Bundan başqa, Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürüb” – deyə politoloq əlavə edib.

C.Əhməli, həmçinin qeyd edib ki, Türk Şurasına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır və bu, çox böyük bazardır. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir, lakin Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq.

Teqlər: