Türk ordusu bu ölkəyə gücünü göstərdi – Ağar

Türk ordusu bu ölkəyə gücünü göstərdi – Ağar

Yunanıstan Qərbdən aldığı silahlar, təyyarələr və sualtı qayıqlarla Egeydə güc balansını öz lehinə dəyişdirəcəyini zənn edir. Türkiyə “Efes” təlimində əlindəki gücü, sahib olduğu imkan və qabiliyyəti Yunanıstana göstərdi. Ancaq təlimdə göstərilənlər ölkəmizin malik olduğu gücün çox cüzi bir hissəsidir. Bunlara gizli saxlanan müxtəlif hərbi vasitələri də əlavə edə bilərik.

Bu sözləri AzerTimes-a Rəcəb Tayyib Ərdoğanın “Efes-2022” təlimində çıxışı zamanı Yunanıstana sərt xəbərdarlığı haqqında danışan təhlükəsizlik və terror məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

Ekspertin sözlərinə görə, Yunanıstanın kənar müdaxilələr və qızışdırmalarla hədəqəsindən çıxan siyasi ehtirasları onun üçün fəlakətlə nəticələnə bilər:

“Sözügedən təlimdə quru, hava, dəniz qüvvələri və xüsusi təyinatlılardan ibarət hərbi birləşmələrimiz birlikdə önəmli tapşırıqları yerinə yetirdilər. Bunu planlaşdırmaq belə öz-özlüyündə böyük zəhmət və imkan tələb edir. Yunanıstan belə bir təlimin onda biri səviyyəsində təlim keçirə bilməz. Hələ müharibədən bəhs etmirəm, sadəcə təlim keçirməkdən danışıram. Yunanıstan heç vaxt müharibə görməyib. Müharibənin nə olduğunu çox yaxşı bilən Türkiyə Silahlı Qüvvələri döyüş meydanında qazandığı təcrübəni təlimdə Yunanıstana göstərir. Digər tərəfdən mehmetciyimizlə yunan əsgəri arasında hərbi xidmətə baxış, inam, iradə, qüvvət və qüdrət, cəsarət fərqini müqayisə etdikdə mənzərə daha aydın şəkildə ortaya çıxır. Cənab Ərdoğan bir lider və prezident kimi öz çıxışında Yunanıstana qəti və konkret bir mesaj verdi, xəbərdarlıq etdi və oyun içində oyun olduğunu qarşı tərəfə başa salmağa çalışdı. Hara qədər bizi təhrik etməyə, beynəlxalq hüququ pozmağa çalışacaqlar? Bugünədək Türkiyə dərin dövlət təcrübəsinə və ağlına uyğun şəkildə dişini sıxmaq bahasına da olsa, baş verən pozuntulara, Yunanıstanın şıltaqlığına soyuqqanlı yanaşdı. Yunanıstanın beynəlxalq müqavilələrlə ona verilməyən, suverenliyi altında olmayan adalar və qayalıqlarla bağlı sərgilədiyi işğal istəyi, Lozan və Paris anlaşmalarını pozaraq oraları silahlandırması, hərbi hərəkətlənmələr, eyni zamanda Türkiyənin şelf zonası, azad iqtisadi bölgələr məsələsində mövqeyi, ümumiyyətlə Egey dənizini yunan gölünə çevirmək ehtirası bir gün əlində bomba kimi partlayacaq. Türkiyənin hazırda bir neçə çətin coğrafiyada əməliyyatlar keçirməsi Yunanıstanı yanıltmamalıdır. Ordumuz belə əməliyyatları uğurlu şəkildə gerçəkləşdirməsi ilə dünyada tanınır. Ölkəmizin indi eyni vaxtda İraqda 5, Suriyada 4 əməliyyat keçirməsi bunun sübutudur. Yunanıstan tarixinin ən böyük səhvini edib, kimlərinsə hiyləsinə nəyəsə ümid etməsin. Mənim Afinaya tövsiyəm budur”.

Teqlər: