Türkiyənin “Türk Hava Yolları” şirkəti İstanbuldan Gəncəyə uçuşları bərpa edib.
AzerTimes xəbər verir ki, “Türk Hava Yolları” şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.
Qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və “Türk Hava Yolları”nın Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak ediblər.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.
Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil ediləcək.