Türk qırıcıları Qətərə girir

Türk qırıcıları Qətərə girir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edib.

Bu barədə prezident sarayından açıqlama verilib. İki ölkə arasında saziş bir neçə il öncə imzalanmışdı. Saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Diplomatik böhranın artdığı Qətərin paytaxtı Dohadakı bazaya öncə türk jandarması yerləşdiriləcək. Daha sonra savaş təyyarələri və gəmiləri göndəriləcək. Qeyd edək ki, ötən gün açıqlama verən Qətərin xarici işlər naziri türk ordusunun regionda təhlükəsizliyi təmin etmək üçün ölkəsinə gəlməyə hazırlaşdığını elan etmişdi.

Yaxın günlərdə bir heyət Qətərə gedərək türk hərbçilərinin müvəqqəti olaraq yerləşdirildiyi bazada araşdırma aparacaq. Daha sonra türk əsgərləri müəyyən aralıqlarla bu ölkəyə göndəriləcək. İlkin mərhələdə iki ay ərzində 200-250 hərbçinin göndərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ərəb dövlətləri tərəfindən diplomatik münasibətlərin kəsildiyi Qətər ərzaq qıtlığı ilə də üz-üzə qalıb. Qətərin ancaq 4 həftəlik buğda ehtiyatı qalıb. Hava məkanı bağlanan, diplomatik münasibətləri kəsilən Qətər artıq ərzaq qıtlığının qarşısını almaq üçün də Türkiyə ilə danışıqlara başlayıb. Tədarükün yük təyyarələri ilə edilməsi planlaşdırılır.

Türkiyədən sonra Pakistan da hərəkətə keçib. Qətərə 20 min hərbçi göndərilməsi üçün parlamentə təklif irəli sürülüb.