“Türk Dünyası” (Turkic.World) media platforması regiona və
dünyaya fayda verəcək çox dəyərli və əhəmiyyət kəsb edən bir
layihədir.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Respublikası
Prezidentinin baş müşaviri Yalçın Topçu “Türk Dünyası”
(Turkic.World) media platformasının yaradılmasının birilliyi
münasibətilə bildirib.
O, Türk Dünyası (Turkic.World) media platformasının regiona və
dünyaya fayda verəcək çox dəyərli bir platforma olduğunu
vurğulayıb.
“Türk dünyasında baş verən proseslərdən hər kəsin dəqiq və
anında xəbərdar olması, türk xalqları olaraq səsimizi dünyaya
çatdırmağımız bizim üçün zəruridir”, – deyə baş müşavir qeyd
edib.
O, Türk Dünyası (Turkic.World) media platformasında çalışan
bütün əməkdaşlara türk xalqları və şəxsən öz adından təşəkkür,
hörmət və minnətdarlığını bildirib.
“Əminəm ki, sizin bu cür əhəmiyyətli birliyiniz türk
dövlətlərinin, bölgənin və dünyanın firavanlığı və rifahı üçün
böyük və mənalı xidmətlərə yol açacaq. Komandanızın gördüyü və
edəcəkləri işlər bizim üçün çox dəyərlidir”, – deyə Y.Topçu qeyd
edib.
“Biz türk milləti olaraq 300 milyonluq, çox vacib bir
coğrafiyada yaşayırıq. Düşünürəm ki, birlik olduqda, xalqlarımız
dinc yaşayacaq və dünyaya ciddi töhfələr verəcək. Türk dünyasının
dildə və əməldə yekdil olması üçün atılan hər addımı qəlbən
dəstəkləyir, bu mövzuda səy göstərənləri alqışlayırıq”, – deyə o
vurğulayıb.
Y.Topçu türk dünyasında birlik yaratmaq hər zaman etməyə
çalışdıqları bir məqsəd olduğunu və bu məqsədin artıq hər sahədə
regionun sülh və əmin-amanlığına töhfə verdiyini də qeyd edib.
“”Türk Dünyası”(Turkic.World) platforması regiona və dünyaya
fayda verəcək çox dəyərli və əhəmiyyət kəsb edən bir layihədir”, –
deyə Y.Topçu əlavə edib.
O qeyd edib ki, dünyada hazırda baş verən siyasi proseslər türk
dövlətlərinin hər sahədə bir yerdə olması üçün zəruri şərt
yaradır.
Qeyd edək ki, Bu gün türkdilli dövlətlərin ilk ortaq media
platforması olan “Türk Dünyası” (Turkic.World) bir yaşını qeyd
edir.
“Türk Dünyası” (Turkic.World) media platforması 2021-ci ildə
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi
ilə, Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkyənin “Albayrak”
Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.
Unikal rəqəmsal platformada qurulan bu layihə cəmi bir il ərzində
türkdilli ölkələrin qabaqcıl media qurumlarını bir araya gətirib.
Layihədə artıq Özbəkistanın “UzA” Milli İnformasiya Agentliyi,
Qazaxıstanın “Kazinform” Dövlət İnformasiya Agentliyi ,
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi və Türkmənistan
Xarici İşlər Nazirliyi iştirak edir. “Türk Dünyası” (Turkic.World)
media platforması Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək
dillərində fəaliyyət göstərir. Eyni zamanda layihə iştirakçıları öz
xəbərlərini həm də ingilis və rus dillərində yayımlaya bilərlər.
Rəqəmsal platformanın mobil versiyası da mövcuddur.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın Azərbaycan mediasının inkişafına yönəlmiş səyləri
nəticəsində bu gün kütləvi informasiya vasitələri böyük inkişaf
yolu keçib. Azərbaycan mediasının müasir standartlara uyğun olaraq
inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyev və
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı
və diqqəti ilə mümkün olub. Azərbaycan mediasının yeni inkişaf
mərhələsinin məhsulu olan “Türk Dünyası” (Turkic.World) media
platforması keçən il İstanbulda keçirilən Türk Şurasının Media
forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları
Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes
Forumunun (International Business Forum (IBF)) rəsmi media
tərəfdaşı olub. Eyni zamanda Turkic.World “Teknofest 2022”
aerokosmik və texnologiya festivalının rəsmi media
tərəfdaşıdır.