Xəbər - Elçin Mehdiyev – Trend:
Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin Albayrak Media Qrupunun təşəbbüsü ilə yaradılan və türkdilli dövlətlərin xəbərlərini özündə birləşdirən ilk Türk rəqəmsal media platforması “Türk Dünyası” (www.turkic.world) daha iki dildə fəaliyyətə başlayıb.
Layihə iştirakçıları artıq media platformasında xəbərlərini rus və ingilis dillərində də yayımlaya bilərlər. Xatırladaq ki, bu ilin may ayında Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi də “Türk Dünyası” layihəsinə qoşulub.
Qeyd etmək lazımdır ki, gələcəkdə digər türkdilli dövlətlərin media strukturlarının da layihəyə qoşulması gözlənilir.
Xatırladaq ki, əlaqələrin dərinləşdirilməsi məsələsi türkdilli ölkələrin liderlərinin diqqət mərkəzindədir və dövlətlərarası münasibətlərin gələcək inkişaf səviyyəsini nümayiş etdirmək üçün ortaq media platformasının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Bu il mayın 24-də Bakıda “Türk Dünyası” (www.turkic.world) ilk rəqəmsal layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və digər türkdilli dövlətləri yaradılan rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.