Türk dünyası daha da güclənir – Qafarov

Türk dünyası daha da güclənir – Qafarov

Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü dövlətlərdir. Bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi, birmənalı olaraq, bütün Türk dünyasının güclənməsinə xidmət edir. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının səyləri nəticəsində getdikcə intensivləşir. İqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır. Bu strategiya ticari-iqtisadi sahədə ciddi inkişafa səbəb olub. Avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycana etdiyi rəsmi dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

AzerTimes xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 22-də mətbuat üçün bəyanatlarında ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklər üzərində formalaşdığını və ən yüksək səviyyədə qurulduğunu bir daha bəyan etdilər:

“Özbəkistan Prezidenti ölkələrində Azərbaycanın bütün uğurlarının hər zaman böyük fərəh və sevinc hissi ilə qarşılandığını vurğuladı. Prezidentimiz cənab İlham Əliyev isə qardaş Özbəkistanın məhz Şövkət Mirziyayevin rəhbərliyi altında quruculuq yolu ilə uğurla irəlilədiyini, ölkənin inkişafı, potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, beynəlxalq məsələlərdə nüfuzunun artması istiqamətində məqsədyönlü və uğurlu siyasətin həyata keçirildiyini vurğulayaraq, qardaş Özbəkistan xalqının Prezident seçkilərində ən düzgün seçim etdiyini xüsusi qeyd etdi. Dövlətimizin başçısı Özbəkistan Prezidenti seçilməsindən sonra Şövkət Mirziyayevin ilk dövlət səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək, bunun qardaşlığın və dostluğun bariz göstəricisi olduğunu bildirdi. Bir məqam da xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan və Özbəkistan Prezidentlərinin keçirdikləri hər bir görüş, apardıqları bütün danışıqlar bu gün bütün dünyanı narahat edən çox ciddi çağırışlara ümumi baxışlar fonunda iki ölkənin dövlət başçılarına ortaq məxrəcə gəlməyə imkan verir. Bu isə ölkələrimizin və xalqlarımızın yaranan bütün problemli situasiyalardan minimum itkilərlə çıxmasına möhkəm zəmin yaradır”.

K.Qafarov Azərbaycan ilə Özbəkistan arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayaraq deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçıları arasında aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektri müzakirə olunub:

“İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilib. Bütün sahələr üzrə, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, energetika, nəqliyyat sahələrində qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərdə münasibətlər və digər istiqamətlərdə gələcək inkişaf yolları müzakirə edilib və müəyyən olunub. Faktiki olaraq, ölkələrimiz arasında münasibətlərin gələcəyi müəyyən edilib. Yeri gəlmişkən, Azərbaycan ilə Özbəkistan arasında imzalanmış çox sayda sənədlər də bu münasibətlərin artıq tamamilə yeni və ən yüksək səviyyədə olduğunu deməyə əsas verir. Xüsusilə Ali Dövlətlərarası Şuranın yaradılması haqqında imzalanmış müqavilə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və gündəliyin kifayət qədər geniş olmasının göstəricisi kimi qiymətləndirilməlidir” .

Teqlər: