Türk dövlətlərinin prokurorları Bakıda toplaşdı

Türk dövlətlərinin prokurorları Bakıda toplaşdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını həyata keçirməklə yanaşı, çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində tərəfdaş ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilir.

2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə cari ilin avqustun 8-də “Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi: mövcud vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorluqlarının nümayəndə heyətləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini iştirak edib.

Qonaqlarla görüşən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçiriləcək seminarın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Seminarın açılış mərasimində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov Şuraya üzv dövlətlərin prokurorluq orqanlarının gənc əməkdaşları üçün keçirilən seminarda ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasındakı münasibətlərin genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Bakı Dövlət Universitetinin dosenti Sevinc Ruintən türk dövlətlərinin tarixi, qədim dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri haqqında mühazirə ilə çıxış edib.

Daha sonra seminar prokurorların təqdimat və çıxışları ilə işini davam etdirib, səmərəli fikir mübadiləsi aparılıb.

Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasına üzv dövlətlərin prokurorlarının ölkəmizə səfəri davam edir.

Teqlər: