Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 aprel 2022-ci
il tarixlərində Türkiyədə səfərdə olacaq.
İdarədən AzerTimes-a verilən
məlumata görə, səfərdə məqsəd 15 aprel tarixində İstanbulda Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlərinin Şurasının
ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının
Baş Katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə
Şeyxülislam A.Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış
edəcək.
Türkiyə Cümhuriyyətin Diyanət İşləri Başkanlığının dəvəti ilə
həyata keçirilən səfər dövründə QMİ sədri A.Paşazadə Türkiyə
Diyanət işləri Başkanı dr. Ali Erbaş və türk dövlətlərinin dini
liderləri ilə məsləhətləşmələr keçirəcək, Aya Sofya məscidində
Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak
edəcəklər.