Dünyanı sınağa çəkən iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin hidrometeorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla bir-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.
Nazir qeyd edib ki, ətraf mühit məsələləri, xüsusilə, su, hava, iqlim kimi amillər sərhəd tanımır:
“Şimal yarımkürəsinin müxtəlif regionlarında olduğu kimi, ölkələrimiz də xüsusilə ekstremal hava və iqlim hadisələri daxil olmaqla təbii təhlükələrə məruz qalır. Bu təsirləri mümkün dərəcədə azaltmaq üçün Ümumdünya Meteorologiya Təşkilatının “Hamı üçün Erkən Xəbərdarlıq” təşəbbüsünə uyğun olaraq effektiv əlaqələndirilmiş hazırlıq və cavab mexanizmlərinin yaradılması vacibdir. Ölkəmiz bu fəaliyyətdə regional əməkdaşlığa öz töhfəsini verməyə və ölkəmizdə tətbiq olunmuş müasir müşahidə sistemlərindən əldə olunan məlumatların bir platformada paylaşmasına hazırdır”.