Türk dövlətindən ilginc: Naxçıvan kimi birləşmək istəyirik!

Türk dövlətindən ilginc: Naxçıvan kimi birləşmək istəyirik!

Şimali Kipr Türk Cümhuriyyəti müstəqil dövlət kimi tanınmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı deyib.

Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib:

“Şərqi Aralıq dənizi sahilləri neft və qazla zəngindir. ABŞ və Avropa İttifaqı (Aİ) bölgənin sərvətini rahatlıqla istismar etmək üçün burada türklərin mövcudluğunun əleyhinədir. Kipr Respublikası onsuz da Aİ üzvüdür. Yəni onlara əsas maneə Şimali Kiprin varlığıdır, buranı idarə edə bilmədikləri bölgə kimi görürlər. Əgər Türkiyə və türk milləti buradan əlini çəksə, neft və qaz tamamilə ABŞ-la Aİ-nin nəzarətinə keçəcək. Nəticədə Şimali Kipr Türk Respublikası əsla tanınmayacaq”.

E.Arıklı alternativlər üzərində düşündüklərini bildirib:

“Özümüzü müstəqil dövlət kimi tanıda bilməsək də, ərazidə türklərin mövcudluğunu qorumalıyıq. Məsələn, Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasına bənzər bir model qurula bilər. Yəni Şimali Kiprin Türkiyənin tərkibində muxtar respublika statusuna keçməsi istisna edilmir. O halda xarici əlaqələrdə Ankaraya bağlı olsaq da, daxildə müstəqil qalacağıq. Bu məsələni gündəmə gətirəcəyik”.

Teqlər: