Türk deputatın bu sözü qardaşlığa sığmır

Türk deputatın bu sözü qardaşlığa sığmır

2-3 gün bundan öncə türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlu bildirib ki, Azərbaycan polisi Türkiyə vətəndaşlarının hüquqlarını Azərbaycanda pozur və Azərbaycan yetkililəri buna cavab verməlidirlər. Araşdırma aparmadan, bir nəfərin şikayəti əsasında belə ciddi ittihamla çıxış etmək bizim qardaşlıq münasibətlərinə sığmır. Qanunçuluğun keşiyində dayanan polisin imici dövlətin imicidir. Hazırda Azərbaycana qarşı düşmənçilik edən bəzi Qərb dairələrinin əlində oyuncağa çevrilmiş insanlar bundan istifadə edib, sosial şəbəkələrdə ölkəmizin əleyhinə böyük bir kampaniya başladıblar.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.

“Bu cür çıxışlarla polisin, dövlətin beynəlxalq imicini korlamaqla ölkəyə investisiya qoyuluşunun qarşısını alırlar. Daxili işlər naziri azsaylı nazirlərdəndir ki, deputatların müraciətlərini şəxsi nəzarətə götürür və şəxsən cavab verir. Ömər Faruk maraqlansaydı və xoşniyyətli olsaydı, əsil həqiqəti üzə çıxara bilərdi. Çox təəssüf ki, o da Azərbaycana qarşı belə bir çirkin kampaniyaya qoşulub. Türkiyədə azərbaycanlıların hüquqları pozulmur? Naxçıvandan bir tikə çörək dalınca Türkiyəyə pənah aparmış vətəndaşlarımızın qul kimi istismar olunmasına dair faktlar var. Xəstəxanalarda, ictimai iaşə obyektlərində, təhsildə vətəndaşlarımız ağlasığmaz dərəcədə aldadılır. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin rəhbərliyi ilə əlaqə saxlamalı, belə fəaliyyətin pislənməsinə nail olmalıyıq”, – o vurğulayıb.

Teqlər: