Son zamanlar cəmiyyətdə, mediada, sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də türk respublikaları arasında əlaqələrin sıxlaşması, bunun perspektivləridir. Amma, təəssüf ki, bu məsələnin də müzakirəsi iki uc nöqtədə gedir: bir tərəfdə “Turan” deyib pafosla danışıb artıq yeni vahid dövlət “quranlar”, digər tərəfdə isə hər ciddi məsələdə olduğu kimi, bu müzakirəni də zarafata çevirənlər – hər iki uc nöqtədə olanlar məsələnin keyfiyyətli müzakirəsinə mane olurlar.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O, hər şeydən öncə statistikanı təqdim edib:
“Rəqəmlər 2021-ci ilə aiddir: Türkiyə – əhali 84 mln., ərazi 783.562 км², ÜDM 810 mlrd. dollar; Azərbaycan – əhali 10,1 mln., ərazi 86.600 км², ÜDM 54,6 mlrd. dollar; Qazaxstan – əhali 19,1 mln., ərazi 2.724.900 km², ÜDM 202,9 mlrd. dollar; Türkmənistan – əhali 6,1 mln., ərazi 488.100 км², ÜDM 40,8 mlrd. dollar; Özbəkistan – əhali 36,9 mln., ərazi 448.978 km², ÜDM 69,2 mlrd. dollar; Qırğızıstan – əhali 6,5 mln, ərazi 199.951 км² , ÜDM 29,5 mlrd. dollar.
Ümumiləşdirsək, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 162 mln. 700 min nəfər, ÜDM-i isə 1 trilyon 207 mlrd. dollardır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.
Bəzi insanlar bu birliyin etnik mənsubiyyət və bir kökdən gələn dil üzərinə qurulması cəhdini rişxəndlə, köhnəlik qalığı kimi qarşılayırlar.
Bütün dünyada 19-cu və 20-ci əsr ideologiyalar savaşından, ideoloji düşüncə tərzinin formalaşmasından keçəndə Türkiyə xaric, digər bu gün mövcud olan türk respublikaları əvvəl Rus imperiyasının, sonra da bu imperiyanın davamı və cild dəyişən varisi olan SSRİ-nin tərkibində olduqları üçün dünyada gedən proseslərdən kənarda qaldılar. Bu gün türk dövlətlərində oturuşmuş ideologiyalar, məsələn, “sol”, “sağ”, “liberal”, “millətçi” cərəyanlar olsaydı, ölkələr arasında solçuların, sağçıların, liberalların, millətçilərin öz birlikləri, təməl prinsiplər üzərində inşa edilən əlaqələri olardı. Bütün bunlar yoxdur, sən Türkmənistanda və ya Özbəkistanda hardan liberal tapasan ki, onlarla iş birliyi qurasan?! Və ya, Qazaxstan solçuları ilə Azərbaycan solçularının ideoloji birliyini necə qurmaq olar ki, onların zatən yox qədər sayları var?! Deməli, ilkin mərhələdə əlaqələrin mədəni, dil, etnik kimlik hekayələri üzərindən qurulması təbiidir, bunun alternativi bir tək dini kimlik üzərindən ola bilər ki, bu da daha ziyanlı nəticələr doğurar, amma din komponenti əlaqələrin yalnız tərkib hissəsi kimi önəmli ola bilər.
Daha bir məsələ odur ki, dil hekayəsi üzərindən qurulub fəaliyyət göstərən formatlar var, məsələn, fransız dili üzərində inşa edilmiş “Frankofoniya” (l’Organisation internationale de la Francophonie (OIF)) təşkilatı var – onlar bundan utanırlarmı?! Təbii ki, yox, əksinə, bu komponenti “yumşaq güc” sayırlar. Bu qurum 54 ölkəni özündə birləşdirir, görün iş nə yerdədir ki, Ermənistan da bu qurumun üzvüdür, hətta 2018-ci ildə OİF-in sammiti İrəvanda keçirilmişdi. Təşkilatın Fransızdilli Parlament Assambleyası (APF), Fransızdilli ölkələrin Universitetlər Birliyi (AUF), öz televiziya şəbəkəsi (TV5Monde), Fransızdilli şəhərlərin Merlər Birliyi (AIMF) var – və heç kəs də bu işi zarafata çevirmir, əksinə, ciddi şəkildə təşkilat institutlaşır.
Türk Dövlətləri Təşkilatının zəif damarlarından biri demokratik institutların olmamasıdır – Türkiyə xaric heç birində seçki institutları, şəhər mer seçkiləri, söz və ifadə azadlığı formalaşmayıb, ənənələr halına gəlməyib. Bəli, bu ciddi maneədir, amma qolları çırmalayıb iş görmək üçün maneə deyil. Əksinə, format dərinləşdikcə, iqtisadi, mədəni, siyasi, hərbi əlaqələr genişləndikcə, dövlətlərin demokratikləşməsi üçün də fürsətlər açılacaq – çünki, biznes, yatırım, investisiyalar bəlli oyun qaydaları istəyir, ən azından, müstəqil məhkəmələrin olmasını labüd edir, müstəqil məhkəmələrin formalaşması isə hüquqi dövlətin digər artibutlarının yaranıb-möhkəmlənməsinə səbəb olacaq.
Digər zəif damar isə Rusiya faktorudur, Moskvanın dominantlığıdır – amma, bütün dünya Rusiyanın zəifləməsi dönəminə hazırlaşır, məhz elə TDT iqtisadi, sosial, siyasi və hərbi institutlaşması Rusiya faktorunun zəifləməsinə səbəb olacaq da, bunu nədən dəyərləndirməyək?! Türk Dövlətləri Birliyinin institutlaşıb əlaqələrin daha da sıxlaşması Şimal təhlükəsinin azaldılması üçün çox önəmlidir.
Beləliklə, bu məsələnin ciddi müzakirəsinə, Türk Dövlətləri Təşkilatının institutlaşmasına acil ehtiyac var – belə bir birlik iqtisadi və siyasi olaraq ölkə xalqlarına ancaq böyük dividentlər gətirə, bölgəni fraqmentallaşan dünya siyasətinin mərkəzlərindən birinə çevirə bilər”.