Türk bayrağına təhqir – Müvəqqəti Hökumət bəyanat yaydı

Türk bayrağına təhqir – Müvəqqəti Hökumət bəyanat yaydı

Türk bayrağına qarşı edilənləri şiddətlə rədd edir, azad edilmiş bölgələrdə türk birliklərini hədəf alan bütün addımların təcili şəkildə dayandırılmasını istəyirik.

AzerTimes xəbər verir ki, bu sözlər Suriya Müvəqqəti Hökumətinin Afrində Türkiyənin hərbi bazasına qarşı hücumla bağlı yaydığı açıqlamada qeyd olunub.

“Suriya Müvəqqəti Hökuməti olaraq Kayseridəki hadisələri bəhanə edərək xalqlarımız arasındakı mövcud ittifaqı və inqilabın nailiyyətlərini baltalama məqsədi güdən provakasiyaları rədd edir, azad edilmiş bölgələrdə yaşayan xalqımızı və hər kəsi bu təxribata uymamağa çağırırıq.

Bölgədəki bütün çətinliklərə və əziyyətlərə rəğmən, bu qardaşlığın qarşıdakı yüz illər boyunca da davam edəcəyinə tam şəkildə inanırıq. İki xalqın ortaq taleyi də bunu tələb edir. Suriya Müvəqqəti Hökuməti qatil Əsəd rejimi, müttəfiqləri və terror təşkilatlarının törətdiyi cinayətlərdən qaçan suriyalı qaçqınlara qarşı bütün ifrat düşüncələri qınayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Kayseridə baş verən hadisələri heç bir formada qəbul etmək olmaz. Bu çərçivədə Suriya Müvəqqəti Hökuməti Türkiyə Daxili İşlər Nazirliyinin təcavüzkarlara qarşı atdığı qanuni addımları da təqdir edir. Bu üzücü hadisələrin qardaşlığımıza kölgə salmağına icazə verməyəcik”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, Kayseridə suriyalı miqrantın 6 yaşlı uşağa təcavüzündən sonra bütün ölkədə etiraz aksiyaları və iğtişaşlar baş verib. Suriyanın Afrin vilayətində isə müxtəlif qruplar buna cavab kimi Türkiyənin hərbi bazasını mühasirəyə alıb, silahlı toqquşmalar olub.

Teqlər: