TRT – AzTV əməkdaşlığında önəmli addım (FOTO)

TRT-AzTV əməkdaşlığında daha bir önəmli addım
atılıb.

“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin Sosial media
və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TRT-nin bir
qrup aparıcı mütəxəssisi bu gündən etibarən AzTV-də təlimlərə
başlayır.

14 gün davam edəcək təlimlər TV-nin müxtəlif sahələrini əhatə
edəcək.

Xəbər müxbirləri, operatorlar, rejissorlar, redaktorlar, PR və
sosial media mütəxəssislərinin keçəcəyi təlimlər həm də təcrübə
mübadiləsi əsasında baş tutacaq.

Bu münasibətlə bu gün QSC-də görüş keçirilib. Görüşdə Türkiyənin
Azərbaycandakı səfiri Cahit Bağçı, QSC-nin sədri Rövşən Məmmədov və
TRT-nin rəhbər müavini Fethi Fahri Kaya, həmçinin QSC əməkdaşları
iştirak ediblər.

R.Məmmədov əvvəlcə AzTV-TRT əməkdaşlığından danışaraq qeyd edib
ki, hər iki kanalın bir məqsədi var: “Daim qabağa getmək, daim
irəliləmək. Bu yolda TRT bizimlə bərabərdir. Niyə məhz TRT? Çünki
TRT doğma Türkiyəmizin əsas media platformasıdır. TRT Türkiyə
mediasının anası olmaqla yanaşı, reytinqdə birincidir. Vaxtilə
reytinq sıralarında axırıncı yerlərdə idi, lakin son illərdə əldə
etdiyi nəticələr göz önündədir. Reytinqdə ön sıralardadır. AzTV-nin
xətti TRT-yə uyğundur. Hər iki kanal eyni ideoloji işi aparır. Eyni
amalı daşıyır.

Əslində, bu gün başlanan tədris prosesi Azərbaycan-Türkiyə
qardaşlığının bariz nümunəsidir. Bu başlanğıcdır. Çox böyük
işlərimiz, nəticələrimiz olacaq”.


R.Məmmədov əlavə edib ki, təlimlər sadəcə auditoriya
dərslərindən ibarət olmayacaq: “Aparıcılar aparıclarla, operatorlar
operatorlarla, digər mütəxəssislər isə öz sahələrinə aid
əməkdaşlarla vaxt keçirəcək. İki həftə ərzində dəyərli
həmkarlarımız sanki AzTV-nin əməkdaşı olacaq. Hər iki tərəf bu
görüşdən mütləq şəkildə yararlanmalıdır”.

Sədr onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda AzTV-də çalışan
müxbir heyəti Türkiyəyə – TRT-yə göndəriləcək: “Onları orada
çalışdırmaq fikrindəyik. Bir sözlə, bu iş birliyinin çox böyük
nəticələri olacaq. Uzun müddət iki kanal arasında yalnız sözdə olan
fikirlər, bu gün praktiki olaraq həyata keçirilir”.

Səfir Cahit Bağçı isə Türkiyə mediasının İkinci Qarabağ
müharibəsindəki fəaliyyətinə diqqət çəkib: “Türkiyə hər mənada
Azərbaycanın yanında oldu, bu ölkənin həqiqətlərini dünya Türkiyə
mediası vasitəsilə eşitdi. Hər sahədə iş birliyimiz inkişaf edir,
edəcək. Media sahəsində də iş birliyimizi gücləndirmək
məcburiyyətindəyik. Bizim bizdən başqa dostumuz yoxdur. Bunun ən
yaxşı nümunəsi Şuşa Bəyannaməsidir”.

Səfir Azərbaycan-Türkiyə mütəxəssislərinin iş birliklərini
təcrübə mübadiləsi ilə inkişaf etdirə biləcəyini vurğulayıb.

TRT-nin rəhbər müavini Fethi Fahri Kaya isə Azərbaycanda
olmaqdan məmnunluğunu ifadə edib: “İş birliyimiz hər zaman davam
edəcək. AzTV-də bir həftəlik tədris proqramı nəzərdə tutmuşduq,
lakin artırdıq. Əməkdaşlığımızın uğurlu olacağına inanıram”.

Teqlər: