Türk dünyasının ortaq mediası “Turkic.World” platforması qurulub və ilk olaraq bu platformaya Türkmənistan və Qırğızıstan dövlətləri qoşulub.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.
R.Hafizoğlu, həmçinin qeyd edib ki, əslində, türkdilli dövlətlər özləri də başa düşürlər ki, artıq infromasiya savaşı çox önəmlidir.
“Doğru infromasiyanın vahid bir mənbədən alınması çox əhəmiyyətlidir, nəinki həmin ölkəyə düşmən mövqe sərgiləyən bir qurumdan. Hesab edirəm ki, bundan sonra da türkdilli dövlətlər arasında informasiya platformasının gücləndirilməsinə çox ciddi önəm veriləcək. Bəlkə də gələcəkdə ortaq bir telekanalın yaradılması mümkün ola bilər. Bu baxımdan, Azərbaycan yenə bu məsələdə hər kəsi qabaqlayıb və türkdilli dövlətlərin ortaq media platforması olan “Turkic World” layihəsi ilə çıxış edib. Artıq digər türkdilli dövlətlər bu platformaya qoşulublar və bu gün biz bunun bəhrəsini görürük” – deyə, Rufiz Hafizoğlu vurğulayıb.
O qeyd edib ki, artıq türkdilli dövlətlər özləri də başa düşürlər ki, informasiya savaşı çox önəmlidir. Torpaqlarının işğal edilməsindən bəri, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı dünyada Azərbaycana qarşı informasiya müharibəsi aparıldığının şahidi olduq.
“Bununla nə qədər mübarizə aparsaq da, sadəcə, son bir ildə bu sahədə uğurlu addımlar ata bildik. Çünki dünya mediasının Azərbaycana qarşı yönələn münasibəti birmənalı deyildi. 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin açıq bir şəkildə dünya mediasına müsahibə verməsi informasiyanın nə qədər mühüm olduğunu bir daha gündəmə gətirdi” – deyə, o bildirib.