Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum Trend BİA-nın Baş direktoru İlqar Hüseynov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov tərəfindən imzalanıb.
Memoranduma əsasən tərəflər arasında əməkdaşlıq cari fəaliyyətlərindəki tədbirlər üzrə məlumat mübadiləsi və informasiya dəstəyi; müxtəlif ictimai, beynəlxalq, iqtisadi və sair məsələlər üzrə bilik və təcrübə mübadiləsi, mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi; aktual məsələlər üzrə məlumat mübadiləsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tədbirlərinin işıqlandırılması, qonaqlarından intervyuların təşkilində prioritetin verilməsi; treninqlər və maarifləndirmə tədbirlərində birgə əməkdaşlıq, bilik və təcrübə mübadiləsi; birgə konfranslar, simpoziumlar, seminarlar və digər tədris-məlumatlandırma tədbirlərini təşkil etmək, bu tədbirlərin informasiya dəstəyinin təmin edilməsi; müxtəlif intervyuların və televiziya verilişlərinin hazırlanmasında texniki və təşkilati dəstəklənməsinin həyata keçirilməsi, bunun üçün studiya, texniki vasitələr və mütəxəssislərin ayrılması; beynəlxalq ekspertlər, elmi-tədqiqat qurumları, müəssisələri və digər mütəxəssislərlə əlaqələrin yaradılması, müzakirələrin təşkili və xüsusi verilişlərin hazırlanmasında REAL TV-yə dəstək və yardım kimi sahələri əhatə edəcək.
Bununla yanaşı, Trend BİA aparıcı transmilli media, dünya xəbərləri aqreqatorları, xaricdə yaradılan törəmə müəssisələrlə tərəfdaşlıq əlaqələrindən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti barədə məlumatların geniş xarici oxucu kütləsinə çatdırılmasını təmin etməyi öz öhdəsinə götürür.